RU

Azərbaycanda ərzaq təhlükəsizliyi -

Müasir dövrdə şəbəkə marketləri yalnız ərzaq və istehlak mallarının satışı ilə məşğul olan müəssisələr deyil, həm də sosial rifahın təminatçısı, iqtisadi inkişafın mühərriki və istehlakçı hüquqlarının qoruyucusu kimi mühüm funksiyalar yerinə yetirir. Onların fəaliyyət dairəsi ərzaq təhlükəsizliyinin təmin edilməsindən tutmuş müştəri məmnuniyyətinin artırılmasına və iqtisadi qanunların praktik tətbiqinə qədər geniş spektri əhatə edir.Ərzaq təhlükəsizliyi insanların sağlamlığı və həyat keyfiyyəti ilə birbaşa əlaqəli məsələdir. Şəbəkə marketləri bu sahədə məhsulların mənşəyindən tutmuş onların daşınma, saxlanma və satış mərhələlərinə qədər ciddi nəzarət sistemləri tətbiq edirlər. Bu nəzarət yalnız gigiyenik tələblərlə məhdudlaşmır, həm də texnoloji həllərlə dəstəklənir. Qərb ölkələrində "Walmart", "Tesco", "Carrefour" kimi iri market şəbəkələri "blockchain" texnologiyası vasitəsilə ərzaq məhsullarının təchizat zəncirini şəffaf şəkildə izləyir. Bu, istehlakçıya məhsulun mənşəyini və keyfiyyətini real vaxtda yoxlamağa imkan verir. Bundan əlavə, HACCP və ISO 22000 kimi beynəlxalq sertifikatlar vasitəsilə keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqi təmin olunur.Azərbaycanda da ərzaq təhlükəsizliyi məsələsi dövlət səviyyəsində diqqətdə saxlanılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində bir çox məhsullar laborator analizlərdən keçirilir və standartlara uyğunluğu yoxlanılır. Lakin izlənə bilənlik texnologiyalarının tətbiqi sahəsində hələ də təkmilləşməyə ehtiyac var. Yerli şəbəkə marketləri, məsələn, "Bravo" və "Araz" daxili nəzarət sistemləri tətbiq etsələr də, bu sistemlərin rəqəmsallaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir.Müştəri məmnuniyyəti şəbəkə marketlərinin davamlı inkişafının əsas şərtidir. Bu gün müştərilər yalnız məhsul çeşidinə və qiymətə deyil, həm də xidmət keyfiyyətinə, rahatlığa və texnoloji imkanlara diqqət yetirirlər. Qabaqcıl ölkələrdə marketlər süni intellekt və böyük məlumat analitikası ("big data") texnologiyalarından istifadə edərək hər bir müştərinin alış davranışını analiz edir və fərdiləşdirilmiş təkliflər təqdim edirlər."Amazon Go" mağazalarında kassasız ödəniş sistemləri tətbiq olunur ki, bu da alış-veriş prosesini sürətləndirir və müştəri təcrübəsini yaxşılaşdırır. "Carrefour" və "Lidl" kimi Avropa brendləri mobil tətbiqlərlə alış-veriş siyahıları hazırlama, endirimlər barədə xəbərdarlıqlar və onlayn sifariş imkanları təqdim edirlər.Azərbaycanda bu sahədə irəliləyişlər olsa da, texnoloji imkanların daha geniş tətbiqinə ehtiyac var. Şəbəkə marketləri mobil tətbiqlər və çatdırılma xidmətləri təqdim etsələr də, süni intellekt əsaslı alış analizi, müştəri yönümlü kampaniyalar və real vaxtda müştəri əlaqə sistemləri hələ geniş tətbiq olunmayıb. Bu sahədə inkişaf üçün dövlət və özəl sektor əməkdaşlığı zəruridir.Şəbəkə marketləri iqtisadi qanunların, xüsusilə də tələb və təklif mexanizminin gündəlik həyatdakı əsas təzahür nöqtələrindən biridir. Onlar bazarda məhsul qiymətlərinin formalaşmasında və məhsul dövriyyəsinin təşkili ilə bağlı qərarların verilməsində aktiv rol oynayırlar.Qərb ölkələrində ERP ("Enterprise Resource Planning") və SCM ("Supply Chain Management") sistemləri vasitəsilə məhsul stokları, satış sürəti və mövsümi tələbat real vaxtda təhlil olunur. Bu məlumatlar əsasında məhsul təchizatı və qiymət siyasəti çevik şəkildə tənzimlənir. Nəticədə nə istehlakçı, nə də istehsalçı itki ilə qarşılaşmır.Azərbaycanda isə bu sahədə hələ də klassik metodlar üstünlük təşkil edir. Qiymət dəyişmələri adətən bazarda müşahidə edilən ümumi tendensiyalara əsaslanır və rəqəmsal analitik sistemlər geniş yayılmayıb. Buna baxmayaraq, bəzi iri marketlər artıq stok idarəetməsi və satış analizlərini rəqəmsal sistemlərlə həyata keçirməyə başlayıb. Bu isə iqtisadi səmərəliliyin və resurs istifadəsinin optimallaşdırılması baxımından mühüm addımdır.Şəbəkə marketlərinin fəaliyyətində rəqabət mühüm rola malikdir. Rəqabət həm qiymətlərin optimallaşdırılmasına, həm də xidmət keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Rəqabət mühitində qalib gəlmək üçün marketlər dayanıqlı inkişaf prinsiplərinə uyğun strategiyalar qurmalı və ekoloji məsuliyyəti də nəzərə almalıdırlar.Avropa və Şimali Amerikada fəaliyyət göstərən aparıcı marketlər bərpa olunan enerji istifadəsi, plastik torbaların ləğvi və tullantıların azaldılması istiqamətində layihələr həyata keçirirlər. Məsələn, "Lidl" və "Aldi" kimi şəbəkələrdə bio-çevirici qablaşdırma və yerli fermerlərlə əməkdaşlıq kimi təşəbbüslər həyata keçirilir.Azərbaycanda bu cür təşəbbüslər yeni-yeni formalaşmağa başlayır. Bir çox market şəbəkələrində bəzi filiallarda kağız və ekoloji torbalara keçid nəzərə çarpır. Lakin bu təşəbbüslərin geniş miqyasda tətbiqi və ictimai maarifləndirmə kampaniyaları ilə dəstəklənməsi vacibdir.Beləliklə, şəbəkə marketləri müasir cəmiyyətin həm sosial, həm də iqtisadi strukturunda mühüm yer tutur. Onlar ərzaq təhlükəsizliyinin təmin edilməsində, müştəri məmnuniyyətinin artırılmasında, iqtisadi qanunların işləməsində və dayanıqlı inkişafın təmin olunmasında fəal rol oynayırlar. Qabaqcıl dünya təcrübəsi göstərir ki, texnologiyanın geniş tətbiqi, şəffaf idarəetmə və innovasiyalara açıq yanaşma bu sahədə müsbət nəticələr verir. Azərbaycan şəbəkə marketləri də bu istiqamətdə addımlar atmaqla həm daxili inkişaflarını gücləndirə, həm də regional və beynəlxalq rəqabətə davamlı ola bilərlər.Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
0
metbuat.az

1Источники