RU

Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır

“İki ölkə arasında münasibətlərdə regional əməkdaşlıq perspektivlərini də nəzərdən keçirməliyik”

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri iki qonşu və dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində prezidentlərin verdiyi bəyanatlar, imzalanmış sənədlər və aparılan müzakirələr qarşılıqlı etimada əsaslanan münasibətlərin güclü siyasi iradə ilə davam etdirildiyini göstərir. Azərbaycan ilə İran arasında münasibətlərin əsasında əsrlər boyu mövcud olmuş dostluq əlaqələri dayanır.

 Bu münasibətlər coğrafi yaxınlıq, ortaq dəyərlər, qarşılıqlı iqtisadi maraqlar və siyasi dialoqla daha da möhkəmlənib. İran Prezidenti Məsud Pezeşkianın geniş tərkibli nümayəndə heyəti ilə Bakıya səfəri irəliyə doğru mühüm addımdır. Dövlət başçısı bəyanatında vurğulayıb ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümayiş etdirir. Azərbaycan və İranın BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər platformalarda bir-birinə göstərdiyi dəstək siyasi həmrəyliyin bariz nümunəsidir. Bu kontekstdə mövqelərin uyğunlaşdırılması, beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətin aparılması dövlətlər arasında siyasi koordinasiyanın effektivliyini artırır. Regionda sülhün və təhlükəsizliyin təmin olunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan səmərəli əməkdaşlıq mexanizmləri dayanıqlı sabitliyin təmin olunmasında mühüm rol oynayır. Dövlət başçılarının yüksək səviyyəli görüşləri isə bu məqsədlərə nail olmaq üçün effektiv dialoq platforması kimi çıxış edir. 
 Prezident İlham Əliyev ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərin üstün tutulduğunu qeyd edib. Azərbaycan ilə İranın da öz mövqeyini ifadə etdiyi 3+3 formatı regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb. Bu platforma vasitəsilə Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı iqtisadi fayda əsasında əlaqələrə təkan verilə bilər. Bu mexanizm uzunmüddətli əlaqələrin qurulması üçün etibarlı zəmin formalaşdırır, keçirilən görüşlər isə regional məsələlərin həllində ortaq maraqların uyğunlaşdırılmasına şərait yaradır. Dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın tranzit potensialının reallaşdırılması və İranla nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ölkəmiz bu dəhlizin öz ərazisindən keçən hissəsində bütün əsas infrastruktur layihələrini reallaşdırıb. Bununla yanaşı, Azərbaycan İrana bitişik sərhəd bölgələrində yol infrastrukturunu yeniləyir və yeni gömrük terminalları inşa edir. Bu layihələr yük axınlarının artmasına, ticarətin genişlənməsinə və nəqliyyat şəbəkələrinin diversifikasiyasına töhfə verəcək.

 Dövlətimizin başçısı vurğulayıb ki, hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk: 

“İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”. Səfər çərçivəsində imzalanan beş mühüm sənəd ikitərəfli əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsini təmin edir. İndiyədək tərəflər arasında 147 rəsmi sənəd imzalanıb. Həmin sənədlər iqtisadi, nəqliyyat, enerji, sərhəd təhlükəsizliyi, təhsil, mədəniyyət və humanitar sahələri əhatə edir. Ticarət dövriyyəsinin artırılması, birgə sənaye layihələrinin reallaşdırılması, sərmayələrin təşviqi, texnologiya transferi və kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə konkret addımlar atılır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu mexanizm çərçivəsində mütəmadi olaraq görüşlər, biznes forumlar və sərgilər təşkil olunur. Səfər zamanı mədəniyyət sahəsində əlaqələrə də xüsusi diqqət yetirilib. Prezidentlər qarşılıqlı mədəniyyət günlərinin yenidən keçirilməsi barədə razılığa gəliblər. Bu tədbirlər xalqlar arasında ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır. Media sahəsində imzalanmış anlaşma memorandumu isə informasiya mübadiləsinin sürətlənməsinə və hər iki ölkənin informasiya məkanında bir-birini daha yaxından tanımasına yeni imkanlar yaradır. Ekspertlərin fikrincə, Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Dövlətlərin nümayiş etdirdiyi siyasi iradə onu göstərir ki, Azərbaycan-İran əlaqələri gələcək regional və qlobal çağırışlara cavab verə bilən dayanıqlı modelə çevrilir. Bu səfər, ümumilikdə, bölgədə sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verəcək. 

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov deyib ki, Azərbaycanla İranı tarixi dostluq telləri bağlayır. Ekspert vurğulayıb ki, xalqlarımız arasında həmişə qardaşlıq, qarşılıqlı anlaşma münasibətləri olub: 

"Bu, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşdə xüsusilə qeyd olundu və çox mühüm sabitləşdirici amildir. Bu gün biz faktiki olaraq Azərbaycanla birgə irimiqyaslı layihələr həyata keçirməyə hazır olan ölkə ilə əməkdaşlıq edirik. Bunlar nəqliyyat kommunikasiyaları, enerji və təhlükəsizliklə bağlıdır. İran prezidentinin Bakıda olduğu müddətdə çoxlu sayda saziş və müqavilə imzalanıb. Bu, çox vacibdir". Politoloqun fikrincə, yəqin ki, Tehran keçmiş hadisələrdən nəticə çıxarıb: “Hesab edirəm ki, bu qənaətlər İranla münasibətlərimizdə yeni eranın başlanmasına xidmət edib. İnanıram ki, bu əlaqələr, imzalanmış ikitərəfli sazişlər Azərbaycan ilə İran arasında sülhə, təhlükəsizliyə, sabitliyə və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”.

Siyasi şərhçi Tural İsmayılov da deyib ki, Azərbaycan-İran münasibətləri üçün yeni imkanlar formalaşıb. O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin gələcək konturlarını və perspektivlərini nümayiş etdirir: 

"Bizim İranla iqtisadi-ticari mənada əlaqələrimiz rəqəmlərlə ehtiva olunur və bu rəqəmlər də pozitiv məqamlara köklənməyimizə imkan yaradır. Eyni zamanda, Azərbaycan-İran münasibətlərində regional əməkdaşlıq perspektivlərini də nəzərdən keçirməliyik. Azərbaycan tərəfindən təşviq edilən və İranın da dəstəklədiyi 3+3 platformasında həm Azərbaycan, həm də İran vacib aktorlar qismində iştirak edirlər. Ötən il Azərbaycanla İran arasında Tehran memorandumu imzalanıb ki, bu da kölgə münasibətləri üçün müstəsna əhəmiyyətə malikdir".

T.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda Araz vadisinin imkanlarından da bəhs etdi: 

"Hər iki ölkənin əməkdaşlığında Araz vadisinin xüsusi əhəmiyyəti və çəkisi olacaq. İstənilən halda Azərbaycan və İran arasında hazırlanan sənədlərdə də əlaqələrin bir çox sahələr üzrə dərinləşdirilməsi nəzərdə tutulub. Xüsusən bu razılaşmalar içərisində media sahəsində iki ölkə arasında müəyyən anlaşmaların əldə edilməsi vacib əhəmiyyətə malikdir, çünki Azərbaycan və İran arasında pozitiv-siyasi notların üstün olduğu dövrlərdə belə İran mediasında Azərbaycan əleyhinə bəzən ağlasığmaz böhtanlara rast gəlirdik. Bu baxımdan, ümid etmək olar ki, İran prezidentinin səfərindən sonra iki ölkə arasında münasibətlər yeni bir məcraya daxil olur".

Избранный
0
sherg.az

1Источники