Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın baş naziri Corciya Meloninin sədrliyi ilə keçirilən 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısının nəticələri Afinada reaksiyaya səbəb olub.
Publika.az xəbər verir ki, iki ölkə arasında müdafiə sənayesi başda olmaqla 11 sahədə əməkdaşlıq müqavilələrinin imzalanmasına Yunanıstan mətbuatında geniş yer verilib.
Ölkənin ən çox baxılan televiziya kanallarından biri olan “Skai” Roma səfərinin Ərdoğanın “şərtsiz uğuru” olduğunu şərh edib. “Kathimerini” qəzeti xəbəri “Ərdoğan və Meloni daha sıx əməkdaşlıq üçün yaxın münasibət qurur” başlığı ilə yazıb.
“Proto Thema” xəbər saytı "Yayımlanan ortaq bəyannamə tamamilə Türkiyəyönümlüdür. İtaliya Şərqi Aralıq dənizində dəniz yurisdiksiyalarının təyini ilə bağlı Türkiyənin baxışını qəbul edir. Bəyannamədə Kiprlə bağlı bir kəlmə də yoxdur" şərhini yazıb.