ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların II Dünya müharibəsində qələbəyə ən böyük töhfə verən ölkə olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu fikri Birinci və İkinci Dünya müharibəsinin nəticələrini şərh edərkən deyib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton I Dünya müharibəsində də qalib gəlib. Prezident bununla əlaqədar noyabrın 11-i və mayın 8-ni Birinci və İkinci Dünya müharibəsində Qələbə günləri elan edib.
“Bir çox müttəfiqlərimiz və dostlarımız mayın 8-ni Qələbə günü kimi qeyd edirlər, lakin biz II Dünya müharibəsində qələbə üçün bütün ölkələrə nisbətən müqayisə olunmayacaq dərəcədə daha çox iş görmüşük. Bu gün mən mayın 8-ni II Dünya müharibəsində Qələbə günü, noyabrın 11-ni isə I Dünya müharibəsində Qələbə günü elan edirəm”, - deyə dövlət başçısı sosial media hesabında yazıb.
Birləşmiş Ştatların prezidenti güc, cəsarət və hərbi bacarıq baxımından heç kimin amerikalı əsgərlərə yetişə bilməyəcəyini iddia edib. Onun sözlərinə görə, hazırda belə liderlər qalmadığı üçün ölkədə Qələbə günü qeyd olunmur.