UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyunu “İnter”in futboçusu Denzel Dumfris üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu oyunda iki qol vurmaqla ÇL-də yeni nailiyyətlərə imza atıb.
Belə ki, Dumfris Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində bu raundda iki qol vuran ilk oyunçuya çevrilib. Bundan əlavə, Dumfris ÇL-də bir qarşılaşmada “Barselona”nın qapısına iki dəfə yol tapan ilk müdafiəçidir.
Xatırladaq ki, “Barselona” – “İnter” matçı 3:3 hesabı ilə bitib. Tərəflər arasında cavab qarşılaşması mayın 6-da keçiriləcək.
Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dumfris “İnter”in heyətində 40 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 170 oyun, 19 qol, 22 məhsuldar ötürmə.
Denzel Dumfris “İnter”lə ötən mövsüm İtaliya çempionu olub. O, Milan təmsilçisi ilə 2 dəfə İtaliya Kubokunu (2021/2022 və 2022/2023 mövsümlərində), 3 dəfə İtaliya Super Kubokunu (2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində) qazanıb.
Niderlandlı futbolçu “İnter”dən öncə PSV, “Herenven” və “Sparta” (Rotterdam) klublarının da şərəfini qoruyub. O, “Sparta” ilə 2016-cı ildə Niderland İkinci Liqasının qalibi olub.
Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 63 oyuna 9 qol, 18 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermakrt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.