“Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunu Göylər kəndində sosial müəssisə açılıb.
“Qafqaznfo” xəbər verir ki, “PAŞA Holding”in maliyyə dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə icra olunan “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib.
Açılış tədbirində Şamaxı RİH başçısının müavini Etibar Muradlı, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə, “PAŞA Holding”in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova, KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, Şamaxı Rih-nin dəstəyi ilə uşaqlarını təkbaşına böyüdən və az təminatlı ailələrdən olan analar arasında seçim aparılıb. Seçilmiş namizədlər Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və “PAŞA Holding”in maliyyə dəstəyi ilə layihəyə qoşulan şəxslərə istehsal üçün zəruri avadanlıqlar təqdim edilib. Müəssisənin istehsal etdiyi məhsulların satışına isə KOBİA tərəfindən dəstək göstərilir.
Yeni sosial müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır.
Layihə həmçinin tənha anaların və az təminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar açır.
Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq, Göylər kəndində yaradılan yeni sosial müəssisədə 20 nəfər işlə təmin ediləcək. Qarşıya qoyulan hədəf isə yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər xanımların işlə təmin olunmasıdır.







