RU

"ABŞ Rusiyaya qarşı sarsıdıcı sanksiyalar elan edib" - "Bloomberg"

 
"Rusiya diktatoru Putin Trampla oyun oynayaraq böyük səhvə yol verir, o, ya danışıqları, ya da Rusiya iqtisadiyyatının dağılmasını seçməli olacaq..."
 
ABŞ Rusiya və onun neftini alan ölkələrə qarşı yeni sanksiyalar tətbiq edə bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem bəyan edib. Məlumatı "Bloomberg" nəşri yayıb.
 
Senatorun sözlərinə görə, müvafiq qanun layihəsini 72 senator dəstəkləməyə hazırdır. Sənəddə göstərilir ki, Rusiya nefti, neft məhsulları, təbii qazı və uranı alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumları tətbiq olunacaq. Eyni zamanda, ABŞ vətəndaşlarının Rusiya dövlət borcunu alması da qadağan ediləcək.
 
Ukrayna ilə faydalı qazıntılar barədə sazişin imzalanmasından sonra senator Qrem bildirib ki, yeni qanun layihəsinin məqsədi prezident Donald Trampa dəstək verməkdir.
 
"O, məyusluğundan danışıb. Mən müharibənin ləyaqətli və ədalətli yolla danışıqlar yolu ilə bitməsini istəyirəm. Hesab edirəm ki, Tramp bu məqsədə nail olmaq üçün ən münasib şəxsdir, lakin bu sanksiyalar Senatın əsas günahkar kimi Rusiyanı gördüyünü ifadə edir", - Qrem qeyd edib.
 
Senator əlavə edib ki, Rusiya diktatoru Vladimir Putin "Trampla oyun oynayaraq böyük səhvə yol verəcək", buna görə də bu qanun layihəsi prezidentin arsenalında bir alətdir. Onun fikrincə, Putinin qarşısında seçim qalacaq: ya müharibənin bitməsi ilə bağlı danışıqlar, ya da Rusiya iqtisadiyyatının
dağıdılması.
 
Qrem qanun layihəsini Konnektikut ştatından demokrat Riçard Blumentalla birgə hazırlayıb. Respublikaçı senator bildirib ki, sənədin Nümayəndələr Palatasında da müzakirəyə çıxarılması üçün kifayət qədər dəstəyi var.
 
"The Wall Street Journal" nəşri yazır ki, qanun layihəsinin 60-dan çox müəllifi var. Onların sırasında Senatda respublikaçıların lideri Con Tun və demokratların lideri Çak Şumer də var.
 
Rusiya əleyhinə sanksiyalar: son xəbərlər
 
Bundan öncə xəbər verildiyi kimi, amerikalı qanunvericilər Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdır. Respublikaçı senator Qrem deyiv ki, o, "Putin Rusiyasına" qarşı ikipartiyalı qanun layihəsi təqdim edib. Sənədi demək olar ki, 60 senator imzalayıb.
 
Aprelin 14-də Tramp Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb. Söhbət hələ ABŞ-ın əvvəlki prezidenti Co Baydenin tətbiq etdiyi sanksiya paketindən gedir. 15 aprel 2021-ci ildə Bayden ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhdid yaradan Rusiyanın zərərli xarici fəaliyyəti ilə mübarizə aparmaq məqsədilə fövqəladə vəziyyət elan edib.
 
Ukrayna prezidenti Vladimir Zelenski ilə Romada keçirilən görüşdən sonra Tramp ehtimal edib ki, Putin müharibəni bitirmək istəmir və bu səbəbdən ABŞ onu "bank sanksiyaları" və ya "ikincili sanksiyalar" vasitəsilə yerinə oturtmalı olacaq, çünki müharibə uzandıqca "çoxlu sayda insan həlak olur".
Избранный
0
5
moderator.az

10Источники