RU

Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın bir çox istiqamətləri müəyyənləşdirilib

Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülən işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib.

Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpaolunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb.

İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.

İnfrastrukturun inkişafı istiqamətində Orta Dəhlizdən istifadə, qarşılıqlı iqtisadi investisiya, tekstil sənayesi üçün ikitərəfli Ticarət və İnvestisiya Platformasının yaradılması imkanlarının müəyyənləşdirilməsi, su təsərrüfatı və tullantıların idarə edilməsi, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Tənzimləmə və biznes mühiti istiqamətində hər iki ölkədə şirkətlərin sayının artırılması, sənaye parkları və iqtisadi zonalarla, o cümlədən Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bankçılıq, rəqəmsal inkişaf, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində, həmçinin ixrac məhsullarına icazələrin asanlaşdırılması üzrə əməkdaşlıq barədə razılıq əldə olunub. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanmasının vacibliyi bildirilib.

Tədbir çərçivəsində Birləşmiş Krallığın İxrac Kredit Agentliyi və AZPROMO arasında Anlaşma Memorandumu imzalanıb.

Yekunda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 8-cı iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.

Избранный
0
vergiler.az

1Источники