RU

Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...


Kamran Məmmədli: “Əhali ehtiyac oldu-olmadı istehlak kreditlərinə çox müraciət edir, belə davam edərsə…”

Azərbaycanda problemli kreditlərin həcmi artır. Bunu hər ay üzrə rəsmi statistika da təsdiqləyir. Açıqlanan son statistik məlumatlara əsasən, 2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2 faiz və ya 32.5 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3 faiz və ya 10.9 milyon manat artıb.

Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.23 faiz bəndi azalaraq 1.62 faiz təşkil edib.

“Vaxtı keçmiş kreditlərin həcminin artmasının səbəblərindən biri kredit faizlərinin yüksək olmasıdır”

Problemli kreditlərinin həcminin nə səbəbdən artması barədə fikir bildirən iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, problemli kreditlərin həcminin artması qorxuludur: “Ümumi kredit portfelinin 3 faizə qədəri və ondan çoxu problemli kredit kateqoriyasına daxil olan zaman bank sektoru üçün təhlükə yaranır. Vaxtı keçmiş kreditlərin həcminin artmasının səbəblərindən biri kredit faizlərinin yüksək olmasıdır. Bununla yanaşı, əhali ehtiyac oldu-olmadı istehlak kreditlərinə çox müraciət edir. Bu, belə davam edərsə, problemli kreditlərin həcmində də artım daha yüksək səviyyədə müşahidə oluna bilər”.

Ekspert onu da əlavə etdi ki, problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir. Qiymət artımı gəlirlərə uyğun deyil. Bu da problemli kreditləri artırır. Qiymət artdıqda vətəndaş maaşını daha çox xərcləyir, artıq krediti ödəyə bilmir. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdər: “İnsanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Amma yaxın dövrdə buna nail olmaq mümkün deyil”.

Günel CƏLİLOVA

Избранный
1
baki-xeber.com

1Источники