Sabah Londonda Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə nazii Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulur.
Komissiyanın həmsədrləri P.Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.