BAKI, 29 aprel. TELEQRAF
Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında tədqiqat universitetinin yaradılması məsələsi hazırda müzakirə olunur.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, müvafiq qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, tədqiqat universitetlərinin Bakı Dövlət Universiteti (BDU), Neft və Sənaye Universitetlərinin (ADNSU) tərkibində yaradılması planlaşdırılır.
BDU-dan Teleqraf-a bildirilib ki, 2026-cı ilə qədər ölkəmizdə elmin inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsi üçün tədqiqat universitetlərinin yaradılması nəzərdə tutulub.
"Ölkəmizin ən böyük elm və təhsil müəssisəsi kimi son illər BDU-da müasir tələblərə cavab verən elmi infrastruktur formalaşıb. Universitetdə təhsil-tədqiqat-sənaye yönümlü araşdırmalar mərkəzi – Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Centre of Excellence) yaradılıb. Burada fəaliyyət göstərən və digər müasir tipli elmi-tədqiqat laboratoriyalarında rəqabətədavamlı innovativ elmi-tədqiqatların aparılması, müxtəlif elm sahələri arasında multidissiplinarlığın təmin edilməsi, elmi nəticələrin sənayedə tətbiqi və kommersiyalaşdırılması, magistrant və doktorantların birbaşa olaraq elmi-tədqiqat laboratoriyalarında yetişdirilməsi üçün ən müasir elmi cihaz, avadanlıq və materiallar, müxtəlif tipli proqramlarla təchiz olunmuş kompüter sistemləri və İT avadanlıqları alınır”, - məlumatda deyilib.
Qeyd olunub ki, bütün bunlar elmi tədqiqatların keyfiyyətini artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına imkan verir.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.