RU

“İsrailin Azərbaycana ehtiyacı artır” – Elçin Xalidbəyli –ÖZƏL

"Azərbaycan və İsrail arasında münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Hər iki dövlət bu münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Hətta Azərbaycan və İsraili strateji tərəfdaş ölkələr kimi də qiymətləndirmək olar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, hazırkı mərhələdə İsrail, Azərbaycanla strateji münasibətləri dərinləşdirməyə və onun vasitəçiliyi ilə İslam dünyası, xüsusilə də Türkiyə ilə əlaqələrin normallaşdırılmasına böyük ehtiyac duyur:

"Hazırkı məqamda İsrailin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə əlavə ehtiyacları da mövcuddur. Çünki Azərbaycan İslam dünyasında mühüm təsir imkanlarına və nüfuza malik bir dövlətdir. İsrailin də İslam dünyası ilə münasibətlərin yaxşılaşdırılmasına və normallaşdırılmasına ehtiyacı var. Xüsusilə də son dövrlərdə İsrail və Türkiyə arasında münasibətlər maksimum həddə qədər gərginləşib və Azərbaycan bu münasibətlərin normallaşdırılması prosesində vasitəçi rolunu oynayır. Vaxtilə bu iki dövlət arasında yaranmış kəskin qarşıdurmanın aradan qaldırılmasında Azərbaycan həlledici vasitəçi kimi çıxış etmiş və münasibətlərin normallaşdırılmasına nail olmuşdu. Bu dəfə də Azərbaycan vasitəçilik missiyasını öz üzərinə götürüb və Türkiyə-İsrail münasibətlərinin gərginləşmə mərhələsindən normallaşma mərhələsinə keçməsi üçün siyasi və diplomatik cəhdlər göstərməkdədir".

E. Xalidbəyli qeyd edib ki, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri, iki ölkə arasında strateji, hərbi və iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasında da mühüm rol oynaya bilər.

"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri də bütün bu amillər nəzərə alındıqda böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan-İsrail münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması, həm də Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması baxımından bu səfər çərçivəsində ciddi müzakirələrin aparılacağı və bu müzakirələrin nəticəsində müəyyən addımların atılması ehtimalı yüksəkdir. Azərbaycan üçün İsrail olduqca önəmli dövlətlərdən və strateji tərəfdaşlardan biridir. Azərbaycan öz ordusunu gücləndirərkən, hərbi texnika alınması prosesində İsrailin müdafiə sənayesi kompleksinin istehsal etdiyi silahlara üstünlük verir. Eyni zamanda İsrail ilə Azərbaycan arasında genişmiqyaslı iqtisadi və ticarət əməkdaşlığı da mövcuddur".

Siyasi şərhçi sonda əlavə edib ki, bütün istiqamətlər üzrə Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etdirilməsi ehtimalı və perspektivləri kifayət qədər yüksəkdir. Bu baxımdan, bu səfər Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşdirilməsi və daha effektiv mərhələyə keçirilməsi baxımından böyük əhəmiyyət daşıya bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
olaylar.az

1Источники