Bakı, 29 aprel, AZƏRTAC
“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Sumqayıt”ın kapitanının yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.
Vüqar Mustafayev Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. O, ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.
Qeyd edək ki, onun debütü 2013/2014-cü illər mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.