RU

Heyvanların həkimi...

Dünya Baytarlıq Günüdür

Onlar köməyə ehtiyacı olan heyvanların müalicəsi ilə məşğul olurlar. Bəzən heyvanların müdafiəyə ehtiyacı insanlardan daha çox olur. Heyvan və quşları müalicə edən həkimlər əlbəttə ki, dördayaqlı və qanadlı xəstələrindən təşəkkür eşitmirlər. Ancaq şübhəsiz ki, heyvanlar da öz xilaskarlarına qarşı insanlar kimi minnətdarlıq hissi keçirirlər.

Hər il dünyanın bir çox ölkəsində aprelin 29-u Beynəlxalq Baytarlıq Günü kimi qeyd edilir. 2000-ci ildə Dünya Baytarlıq Assosiasiyası (WVA) tərəfindən yaradılan bu günün məqsədi dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini vurğulamaq, heyvanların sağlamlığı və rifahının yaxşılaşdırılmasına töfhələr verməkdir.

Mühüm işlər görülüb

Qeyd edək ki, ölkəmizdə də baytar həkimlərin fəaliyyəti yüksək qiymətləndirilir və baytarlıq sahəsinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox uğurlar əldə edilib. Respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad status alması üçün zəruri tədbirlər görülüb. Ölkədə ilk dəfə meşə zolağına helikopter vasitəsilə 600 kilometr məsafədə 18 min aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Eyni zamanda, baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurlar əldə edilib. Bundan başqa, baytarlıq preparatlarının qeydiyyatı və idxalı prosedurları, baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb. Ölkədə fərdi baytarlıq xidməti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyata alınması elektron formada həyata keçirilir.

Azərbaycanın uğurlu missiyası

Həmçinin heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi üzrə 8 laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində müxtəlif xəstəliklər üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.

Onu da bildirək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanda baytarlıq sistemlərinin qiymətləndirilməsi missiyası həyata keçirilib. Ölkəmizdə həmin sistemin inkişafı müsbət xarakterizə olunub.

Yeganə BAYRAMOVA

Избранный
1
yeniazerbaycan.com

1Источники