RU

Lu Mey: Yeni energetika sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir

Bakı, 28 aprel, AZƏRTAC

Yeni energetika sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir. İki ölkənin yaşıl inkişaf konsepsiyaları bir çox cəhətdən uzlaşır və yaşıl energetika sahəsində əməkdaşlığın qarşılıqlı tamamlayıcı üstünlükləri aydın şəkildə görünür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 28-də Bakıda keçirilən brifinqdə Çinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Lu Mey söyləyib: "2023-cü ilin oktyabr ayında Çin şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası uğurla şəbəkəyə qoşulub. Bu elektrik stansiyası hər il 110 min ailəni elektrik enerjisi ilə təmin edir. Bu, Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində ən böyük günəş elektrik stansiyasıdır və yaşıl energetika sahəsində Çin-Azərbaycan əməkdaşlığının nümunəvi layihəsinə çevrilib. Bundan əlavə, Çin şirkətləri Azərbaycanda 240 MVt gücündə külək enerjisi layihəsini həyata keçirir və Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə Azərbaycan tərəfi ilə konsensusa nail olublar. Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanın Energetika Nazirliyi Çin şirkətləri ilə əməkdaşlıq haqqında bir sıra sənədlər imzalayıb. Çin Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə investisiya yatırır və Azərbaycanla enerji saxlanması, enerji sistemlərinin və ofşor külək enerjisinin planlaşdırılmasının perspektivlərini müzakirə edəcək".

Yeni enerji mənbələrindən elektrik enerjisi istehsalı sahəsində əməkdaşlıqla yanaşı Lu Mey Çində istehsal olunan yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin Azərbaycanda artan populyarlığına və bazar payına da diqqət çəkib. Onun sözlərinə görə, “NIO” markası Azərbaycan tərəfindən təşkil olunan COP29 konfransının yeganə VIP avtomobili olub. Eyni zamanda BYD şirkəti Azərbaycan tərəfi ilə 100 ədəd şarj cihazı və 160 elektrik avtobusu tədarükü üzrə razılaşma imzalayıb və Azərbaycanda elektrik avtobusları istehsalı üzrə xəttin yaradılmasına investisiya yatırır.

"Çin bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığın fəal genişlənməsinə, enerji transformasiyasının və iki ölkənin davamlı sosial-iqtisadi inkişafının dəstəklənməsinə, eləcə də təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına birgə töhfə verməyə ümid edir", – deyə Lu Mey bildirib.

 

Избранный
18
azertag.az

1Источники