Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin şərəfini qoruduğu Türkiyənin "Çorum" klubunda yenə baş məşqçi istefası gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, I Liqada mübarizə aparan komandanın çalışdırıcısı Tuncay Şanlı istefa verib. O, dünən "Ankaragücü"yə 0:1 hesablı məğlubiyyətin ardından qərarını açıqlayıb.
Yaxın keçmişin məşhur futbolçusu, Türkiyə milli komandası və "Fənərbağça"nın heyətində parlaq oyunu ilə seçilən Tuncay Şanlı cəmi 50 gün "Çorum"da baş məşqçi işləyib. O, martın 7-dən bəri rəhbərlik etdiyi komandanı 8 oyuna çıxarıb. Bu oyunlarda 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb. Ardıcıl 2 dəfə uduzan Tuncay Şanlı "Çorum"un Türkiyə Superliqasına düşmək şansının minimuma endiyini gördükdən sonra istefaya gedib.
Hazırda Çorum şəhərinin təmsilçisi 51 xalla 13-cü pillədə qərarlaşıb. Çempionatın axırıncı 2 turunda pley-offa qatılmaq üçün ilk "7-liy"ə düşmək şansı yox dərəcəsindədir.
Qeyd edək ki, Coşqun Diniyev bu ilin fevralından "Çorum"un formasını geyinir. O, yeni klubunda 10 oyuna 2 qol vurub.
Tuncay Şanlıya gəlincə, onun məşçqilik karyerası heç cür uğurlu alınmır. Keçmiş hücumçu bundan öncə çalışdığı "Sakaryaspor" və "Umraniyespor"da ciddi nailiyyət qazanmayıb.
Azarkeşlər onu "Fənərbağça" və Türkiyə yığmasındakı çıxışına görə sevirlər. "Sarı-lacivərdlilər"də 2002-2007-ci illər aralığında 154 matçda 59 dəfə fərqlənən Tuncay Şanlı Türkiyə yığmasında 80 görüşə 22 qol vurub. İstedadlı hücumçu FIFA Konfederasiyalar Kuboku (2003-cü il) və Avropa çempionatının (2008-ci il) bürünc medalını qazanıb.