RU

Dünyanı gözləyən iqtisadi böhranın İLK SİQNALLARI

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə dünyanın əksər ölkələri qeyri-müəyyənliklər məngənəsində var-gəl edərkən Azərbaycan özünün gələcək inkişafı ilə bağlı mühüm bir addım atdı. Ötən həftə bizdən çox çox uzaqlarda, Pekində “Azərbaycan” sədaları səsləndi və bir xeyli sənədlər imzalandı. Onun detallarına keçməzdən öncə qlobal neft bazarlarında yaşananlara toxunmaq istərdim. Çünki bu həftə dünyanın üzləşə biləcəyi qlobal iqtisadi böhran haqda bəzi siqnallar gəlməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”



Neftin yeni qiymət proqnozu

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə neftin 1 barelinin orta qiyməti üzrə əvvəlki proqnozunu 15,5% azaldaraq “qara qızılın” 66,9 dollar olacağına dair yeni təxminlərini açıqlayıb. Bu barədə BVF-nin Vaşinqtonda təqdim etdiyi qlobal iqtisadi inkişaf perspektivlərinə dair son hesabatında deyilir. Eyni zamanda, BVF 2025-2026-cı illərdə neft tədarükünün artımının dünya bazarlarında tələbi üstələyəcəyini də gözləyir. Buna görə də, BVF-nun ekspertləri Brent markalı neft üzrə orta qiymətin 2026-cı ildə də azalmasını daha real qəbul edir və onun 62,4 dollar səviyyəsinə enməsini proqnozlaşdırırlar.

Bu isə, neftin qiymətlərinin cari ilin əvvəlindən azalma meylini, dünyada ticari münasibətlərdə gərginliyin artması fonunda aprelin əvvəlindən başlayaq “qara qızılın” dəyərini kəskin şəkildə azaltması və dünya iqtisadiyyatının gələcək artımları ilə bağlı pessimist mənzərəyə dair baxışların daha da gücləndirdiyini göstərir.

Ucuz neftin iqtisadiyyatımıza təsirləri

Neft qiymətlərinin London Əmtəə Birjasında cari ildə dəyişmə dinamikasına nəzər saldıqda görərik ki, cari ildə Brent markalı neftin ən bahalı partiyası 12 yanvar tarixində 82 dollardan baha qiymətə satıldığı halda cəmi üç ay sonra “qara qızılın” ən ucuz partiyası 58,4 dollara qədər eniş edib.

Hazırda isə 66,5 dollar ətrafında ticarət edilməkdədir.  Azərbaycan nefti isə aprelin 4-dən başlayaraq bu günə qədər 70 dollardan ucuz satılır.


Qeyd edim ki, 2025-ci il dövlət büdcəsi bizim neftin illik orta ixrac qiymətinin hər barel üçün 70 dollar göstəricisi ilə tərtib edilib. Bu baxımdan apreldə neft bazarında yaşananlar heç də ürəkaçan mənzərə deyil. Yuxarıda beynəlxalq maliyyə qurumlarının da bundan sonrakı dövr üçün neft qiymətlərinin hazırkı qiymət diapazonu çərçivəsində proqnozlaşdırmasını nəzərə aldıqda, cari ildə büdcənin kəsir hissəsinin daha da böyüməsi ehtimalı ülə üzləşə bilərik.

Aprelin 21-də nüfuzlu beynəlxalq reytinq agentliyi “Moody's” ABŞ-ın idxal tariflərinin Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatlarına təsiri ilə bağlı rəsmi şərhini dərc edib. Sənədə görə, “Moody's” ekspertləri ABŞ-ın yeni tariflərinin sözügedən ölkələrə və o cümlədən Azərbaycana birbaşa iqtisadi təsirinin məhdud olacağına inanır. Bununla belə, bank sektoru üçün dolayı risklərin əhəmiyyətli olaraq qaldığı vurğulanıb.

Azərbaycan iqtisadiyyatının təhlükəsizlik yastığı

“Moody's” reytinq agentliyi qeyd edir ki, son illər Azərbaycan iqtisadi dayanıqlığın gücləndirilməsi və bankların dollarlaşmasının azaldılması sahəsində mühüm irəliləyiş əldə edib. Bundan əlavə orta müddətli iqtisadi şokları dəf etmək üçün təhlükəsizlik imkanlarına malikdir: yəni Dövlət Neft Fondu kimi suveren fondun yetərincə imkanları var ki, hər hansı proqnozlaşdırılmamış vəziyyətlə üzləşdikdə onun təsirlərini aradan qaldırsın.
 

Həqiqətən də Neft Fondunun aktivlərini təhlil etdikdə görürük ki, son 5 ildə onun ehtiyatlarının təqribən 21,4 mlrd dollar artaraq 1 aprel 2025-ci il tarixinə 62,7 milyard dollar həddinə qədər yüksəlib.


Bununla belə, “Moody's” analitikləri regionda iqtisadi qeyri-müəyyənliyin yüksək olaraq qaldığını vurğulayırlar:

“Aşağı neft qiymətləri, ticarətdə yeni baryerlərin yaradılması, zəif investisiya axını, daha sərt kredit şərtləri və sektoral təsirlər işgüzar fəaliyyətə təsir yerli bankların kreditləşmə artımını çətinləşdirəcək”.

“Moody's” hesabatında diqqəti bir məqama da çəkir ki, əmtəə qiymətlərinin aşağı düşməsi və qlobal tələbin azalması regionun valyutalarını zəiflədə bilər. Çünki tarixən onlar məzənnəni zəiflədən və böyük xarici valyutada kredit portfelinə malik banklara təzyiqi artıran xarici şoklara həssasdırlar.

Necə deyərlər, bu təxmin edilənlərin baş verməməsi üçün hökumət kifayət qədər çevik siyasət yürütməyə hazır olmalıdır, cəmiyyət isə intizamını artırmalıdır ki, atılan addımların effekti daha yüksək olsun.       

Üzü Şərqə yönəlik siyasət

Yola saldığımız həftə Azərbaycanın gələcəyinə təsirsiz ötüşməyəcək bir hadisənin şahidi olduq. Avropanın enerji təhlükəsizliyində aktiv oyunçuya çevrilən ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı rəsmi Bakı ilə Pekin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalamağa nail oldu.
 

İmzalanan sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini və əməkdaşlığın dərinləşməsinin rəsmi təsdiqi oldu.


Qeyd edim ki, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərin ən yüksək formalarından biridir və geniş spektrli sahələri əhatə edir. İmzalanmış bu sənəd siyasi dialoq və qarşılıqlı etimadı, iqtisadi, enerji, nəqliyyat və logistika, humanitar, mədəni, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur. Birgə Bəyanat Azərbaycan və Çin arasında mövcud olan sıx əlaqələri daha da möhkəmləndirmək və gələcək uzunmüddətli əməkdaşlıq üçün zəmin yaratmaq məqsədi daşıyır.

Çinin qüdrəti nədədir?

Çinlə təkcə vizasız gediş-gəliş məsələsində razılıq əldə edilməsi iki ölkə arasında iqtisadi əlaqələrin yalnız başlanğıcıdır. Çünki hazırda Çin elə bir ölkədir ki... Gəlin bu yerdə onun nəyə qadir olduğuna dair bir statistikaya diqqət edək:

Dünyanın ən böyük 2-ci iqtisadiyyatına malik olan Çinin Ümumi Daxili Məhsulu ötən il 18,75 trilyon dollar təşkil edib və bu göstəricinin 2030-cu ildə 25,8 trilyon dollara qədər böyüməsi proqnozlaşdırılır.

Çin bu gün dünyada 3,6 trilyon dollar ilə ən çox xarici valyuta ehtiyatına sahib olan ölkədir. Təkcə ötən il xarici ticarətdə müsbət saldonun dəyəri 992 milyard dollar, cari ilin mart ayında isə 102,6 milyard dollar təşkil edib. Yəni Çinin ixracı idxalını qat-qat üstələyir.
 

Bu gün Çin dünyada istehsalat baxımından super güc hesab olunur və qlobal miqyasda istehsal olunan məhsulların 28,9%-ni tək başına qarşılayır. Müqayisə üçün qeyd edim ki, ABŞ-nin payı 17,2%, Yaponiyanınkı isə 5,1%-dir.


Çin “yaşıl enerji”yə yatırımlar üzrə dünyanın ən iri bazarıdır. 2024-cü ildə ölkə təmiz enerjiyə 818 milyard dollar investisiya cəlb edib ki, bu da ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın cəmi yatırımlarından çoxdur.

Azərbaycan-Çin “yaşıl enerji” əməkdaşlığı

Diqqətinizə çatdırım ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı məhz yaşıl enerji layihələri üzrə əməkdaşlığa dair 6 sənəd imzalandı.

Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə birgə iş birliyini əhatə edir. İndi isə bu layihələrlə daha detallı tanış olaq.

Energetika nazirliyinin açıqlamasına görə, Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında imzalanan İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 mln kVt/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 mln kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Özü də bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.
 

Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə 2 QVt gücündə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb.


Onu qeyd edim ki, Azərbaycan Dövlət Neft Şirkəti də Çin şirkətləri ilə tərəfdaş qismində yaşıl enerji layihələrinin aktiv iştirakçısına çevriləcək.

Belə ki, bu əməkdaşlıq üzrə sənədlərdən biri Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında imzalanıb. Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək. Layihədə əsas investor kimi Çin şirkəti çıxış edəcək.

Həmçinin Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” MMC arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.

Bu sazişlərdən əlavə bərpa olunan enerji layihələri üzrə iki memorandum da imzalanıb.
 

Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.


“Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur.

İmzalanmış sənədlərin təhlili göstərir ki, rəsmi Bakı Azərbaycanın dövlət maraqları naminə uzaq ölkələri belə özünə yaxınlaşdırmaq, qarşılıqlı əlaqələrdən yaranacaq mənfəəti isə strateji əməkdaşlığa çevirmək yoluna çıxır. Necə deyərlər, Azərbaycan lideri bir daha hansı zamanda, hansı addım atmağın ölkəmizə gətirəcəyi uğuru bir daha nümayiş etdirdi.        

Bizim.Media

Избранный
4
bizim.media

1Источники