RU

Ən ağlagəlməz çempionat formatı

Argentina çempionatında qrup mərhələsi sona çatmaq üzrədi. Artıq 14 tur arxada qalıb və 8 komanda pley-offda iştirakını təmin edib.

İndi turnirin qeyri-adi formatına daha geniş nəzər salacağıq.

Yarımillik turnirlər
Dünyanın aparıcı futbol ölkələrindən sayılan Argentinada çempionat qeyri-adi formul əsasında keçirilir. Burda daxili birincilik “payız-yaz” (planetimizin cənub yarımkürəsində yerləşən ölkədə indi payız fəslidi) sistemi ilə təşkil edilir, amma format bir qədər mürəkkəbliyi ilə diqqəti cəlb edir.

Yüksək liqa indi hər birində 15 komandanın yarışdığı iki qrupdan ibarətdi. Yarımillik mərhələlər Apertura (Açılış) və Klausura (Bağlanış) adlanır ki, bunlar da Cənubi Amerikada ölkə çempionatları üçün ənənəvi haldı. Hər iki turnir aşağıdakı sistemlə keçirilir.

* Hər iki qrupda 15 komanda çıxış edir.
* Komandalar birdövrəli sistemlə yarışırlar. Amma qruplar arasında əlavə iki tur da nəzərdə tutulub. Bu planda hər komanda üçün ən prinsipial bir rəqib seçilir, digər rəqibi isə püşk müəyyən edir. Başqa sözlə qrup mərhələsi 16 turdan ibarətdi.
* 16 turluq mübarizədən sonra hər qrupda ilk 8 yeri tutan komandalar pley-offa – 1/8 finala vəsiqə qazanırlar.
* Pley-offun hər bir mərhələsi bir oyundan ibarət olur. Qrupda daha yüksək yeri tutanlar mübarizəni digər qrupun ilk 8-liyində nisbətən aşağı yerlərdə başa vuranlarla, həm də evdə oynayırlar. Yalnız final matçı neytral meydanda keçirilir.

Ölkə çempionatında yüksək liqanı tərk edəcək komandaları müəyyən edən sistem də diqqəti mürəkkəbliyi ilə cəlb edir. Burda iki variant nəzərdə tutulub. Birinci variantda il ərzində keçirilən iki turnirin ümumi cədvəli əsas götürülür. İkinci variant isə son üç ilin yekun cədvəllərində komandaların orta xal göstəricisinə əsaslanır. Bəli, çempionatın təşkilatçı qurumu belə riyazi hesablamanı da vacib sayıb. Nəticədə 2023, 2024 və 2025-ci illərdə keçirilən turnirlərdə orta hesabla ən az xal toplayan komanda 2-ci diviziona düşəcək. 2026-cı ildə isə artıq 2023-cü ilin göstəriciləri nəzərə alınmayacaq.

90-cı illərin ənənəsi
Bu mövsüm Aperturanın 14-cü turundan sonra hər qrupdan 4 komanda pley-offda iştirakını təmin edib. Son iki turda 1/8 finalın daha 4 iştiraçısı da müəyyənləşəcək. A qrupunda “Boka Xuniors”, B qrupunda “Rosario Sentral” liderdi. “Boka” üçün hazırkı turnir prinsipial əhəmiyyət daşıyır. Argentinanın ən titullu klublarından biri son mövsümü 6-cı yerdə başa vurmuşdu.

Aperturanın finalı iyunun 1-nə təyin olunub. Həlledici matçdan sonra beynəlxalq səviyyəli oyunlar üçün uzun müddəti əhatə edəcək fasilə yaranacaq. Cənubi Amerikada DÇ-2026-nın seçmə mərhələsinin növbəti iki turu keçiriləcək. Sonra Klublararası Dünya Çempionatının həyəcanı yaşanacaq. Yeni formatla təşkil ediləcək turnirdə ilk dəfə 32 komanda iştirak edəcək. Daha sonra isə Argentina çempionatının Klausura adlanan ikinci turniri start götürəcək.

Bu turnirin də reqlamenti Aperturada olduğu kimidi, sadəcə, matçlarda ev sahibləri ilə qonaqların yeri dəyişəcək. Hər bir komanda il ərzində azı 32 oyun keçirəcək. Amma təbii ki, pley-offlara çıxanlar üçün matçların sayı artacaq.

Hər iki turnirin çempionları Libertadores Kubokunun 2026-cı ildəki mövsümündə iştirak hüququ qazanacaqlar, üstəlik bir-biri ilə Çempionlar Kuboku-2025-in qalibi adı uğrunda oynayacaqlar.
Qeyd edək ki, Argentinada bir müddət əvvəl çempionat bu sistemlə keçirilib, ancaq Apertura və Klausura bölgüsü 2011/12 mövsümündən tətbiq olunmayıb. Onda hər bir turnirdə 19 tur keçirilib və pley-off mərhələsi nəzərdə tutulmayıb. Çempionat bu sistemlə 1990-cı ildən təşkil olunub.

Yeri gəlmişkən, Argentina Futbol Assosiasiyasının sabiq prezidenti Umberto Qrondona hələ ötən ilin sonlarında il ərzində bir çempionatın keçirildiyi Avropa formatını təklif etmişdi. O, “hər il bir çempion olsun. Bu yolla çempionatı “təsadüfi” komandaların çempionluğundan müdafiə edəcəyik. Belə çempionların uğuru Argentina futbolunun imicinə zərbə vurur” demişdi. Lakin Qrondonanın təklifi qəbul edilmədi. Əvəzində ötən əsrin 90-cı illərinin ənənəsi bərpa olundu. Hazırkı sistem isə daha qəliz reqlamenti ilə baş gicəlləndirir...

Избранный
10
50
football-plus.az

10Источники