"Mançester Yunayted"in sol cinah müdafiəçisi Lyuk Şou bu gün keçiriləcək İngiltərə Premyer Liqasının "Bornmut"la oyununda start heyətində yer alacaq.
90deqiqe.Az xəbər verir ki, bu, 29 yaşlı futbolçunun 2024-cü ilin fevralından bəri "qırmızı şeytanlar"ın əsas heyətində meydana çıxdığı ilk matç olacaq.
O, sonuncu dəfə ötən ilin fevralın 18-də "Luton"la oyunda start heyətində çıxış etmişdi.
Təcrübəli müdafiəçi cari mövsümdə Premyer Liqada cəmi 3 oyunda iştirak edib. Onun dizində zədə və əzələ problemi olduğu bildirilir.
Şou 2014-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 280 oyun keçirib, 4 qol vurub və 29 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.