RU

'Fənərbaxça'' stadionun tutumunu artıracaq

Bu gün ''Fənərbaxça''da klubun rəsmi üzvlərinin ilin ilk geniş toplantısı keçirilir.

Nəticələrin pisləşməsi və komandanın faktiki olaraq növbəti dəfə çempionluqdan uzaq düşməsi üzündən toplantının hərarətli keçəcəyi, Əli Koçun istefaya dəvət olunacağı güman edilir. Fanatlar isə artıq bu şüarı səsləndiriblər.

Kalamışda yerləşən ''Fənərbaxça Parkı''nda toplaşan fanatlar həm pankartlarla, həm də şüarlarla Əli Koçu istefaya səsləyiblər. Güclü təhlükəsizlik tədbirləri şəraitində keçirilən etiraz aksiyasında fanatlar idarə heyətinin bəzi üzvlərinə də etirazlarını bildiriblər. Bundan başqa onlar bu günlərdə prezidentliyə namizədliyini irəli sürəcəyini iddia edən Hakan Bilal Kutlualpa da dəstək təzahüratları səsləndiriblər.

Bu arada toplantının əvvəli ''Fənərbaxça'' rəhbərliyinin ''Ülkər'' stadionu ilə bağlı planlarını açıqlamasıyla start götürdü. Bu xəbər son günlər mətbuatda tez-tez dolaşırdı. Rəhbərliyin stadionun tutumunu artırmaq istədiyi iddia edilirdi. Artıq bu layihə rəsmən açıqlanıb. Yenidənqurma işlərindən sonra stadionun görüntüsünün necə olacağına dair şəkillər də paylaşılıb.

Qeyd edək ki, hazırda ''Ülkər'' stadionunun tutumu 50530-a bərabərdi. Yenidənqurma işlərindən sonra isə bu göstəricinin 64160-a çatacağı ehtimal olunur. ''Sarı-lacivərdlilər''in vitse-prezidenti Hamdi Akın layihə ilə bağlı bəzi detalları açıqlayaraq bunları deyib:
''Layihəyə 1 ildən sonra - 2026-cı ilin aprelində başlamağı planlaşdırırıq. Nəqliyyat Nazirliyindən, İstanbul Böyükşəhər Bələdiyyəsındən, İdman Nazirliyindən icazələr almalıyıq. İdman nazirimiz bu məsələdə bizi sona qədər dəstəkləyəcəyini demişdi. İlkin mərhələ 4-5 ay çəkəcək. Lazımi konstruksiya kənarda yığılacaq. Hamısı bir yerdə saxlanılacaq. Sonra damın altına montaj ediləcək. İlk baxışdan 4-5 aylıq iş kimi görünsə də, əslində 1-1,5 il çəkəcək. Təkcə montajı 4 ay çəkəcək''.
Избранный
12
football-plus.az

1Источники