RU

Şirniyyat evi açmaq istəyən tələbə: "Dadına, görünüşünə baxıb qiymət verirlər" - REPORTAJ

BAKI, 26 aprel. TELEQRAF

Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib.

Tədbirin əsas məqsədi mərkəzin fəaliyyət istiqamətləri, təlim imkanları və tələbələrin əldə etdiyi bacarıqları geniş ictimaiyyətə təqdim etmək, həmçinin gəncləri peşə təhsilinə təşviq etməkdir. Tədbir zamanı ziyarətçilərə müxtəlif sahələr üzrə təqdimatlar, stendlər və interaktiv təqdimatlar nümayiş olunub.

Teleqraf xəbər verir ki, hazırda mərkəzdə 2464 nəfər tələbə təhsil alır.

Tələbələrin hazırladığı praktik işlər, layihələr və yaradıcı yanaşmaları tədbir iştirakçılarının böyük marağına səbəb olub. Xüsusilə yüksək texniki peşə istiqamətləri üzrə təqdimatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Təlim prosesində iştirak edən müəllim və ustad heyətinin rəhbərliyi ilə təşkil olunan təqdimatlar vasitəsilə peşə təhsilinin praktiki və innovativ yanaşmaları əyani şəkildə nümayiş etdirilib.

40 ildən çoxdur ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışan Nizami Mustayayev Teleqraf-a söhbətində deyib ki, “Açıq qapı” tədbiri peşə təhsilinin imkanlarını tanıtmaq, gələcək tələbələri bu sahəyə cəlb etmək və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının əhəmiyyətini vurğulamaq baxımından mühüm rol oynayır.

“Belə tədbirlərin əsas məqsədi bura gələn məktəblilərin düzgün peşə seçimi etməyinə yardım etməkdir. Peşənin adını eşidib özü barədə məlumatı olmayan məktəblilər olur. Burda əyani gördükdən sonra onlar öz seçimlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər. Mən bu təhsil ocağında tələbələrə ağac nəqqaşı sənətini öyrədirəm. Mərkəzdə “Ağac nəqqaşı” ixtisası üzrə təhsil müddəti 3 ildir. Bu sahədə tələbat çoxdur. Müqavilə bağladığımız müəssisələr var, tələbələr gedib orada təcrübə keçə bilirlər. Bizim müəssisələrdə "ağac nəqqaşı" ilə bağlı gözəl şərait yaradıblar. Orada həm ağac üzərində oyma işləri, həm də mebel istehsal edilir. Keçmiş tələbələrimiz orada işləyir. Bizim baza ilə bağlı heç bir problemimiz yoxdur”.

Nazim Mustafayevin sözlərinə görə, bu ixtisası bitirən məzunlar həm fərdi, həm də fabriklərdə çalışa bilirlər:

“Çoxlu sayda mebel fabrikləri var. Ona da vurğulayım ki, cəmiyyətdə klassik üsluba meyil var. Buna görə də bizik sənətə çox böyük ehtiyac yaranır.

Ağac üzərində oyma ilk baxışdan insana asan gələ bilər. Lakin bu sənət yüksək ustalıq, incə zövq və son dərəcə səbr tələb edir. Bu sənətlə məşğul olan sənətkarlar odun parçasını təkcə şəkilləndirmir, eyni zamanda, ona öz duyğu və hisslərini də həkk edirlər. Bəzən iç-içə naxışlar, bəzən də sadə naxışlar onu şəkilləndirən insanın hiss və duyğularını özündə əks etdirir".

İstehsalat təlim ustası Yeganə Qədirova: “Biz neft sənayesi üçün ixtisaslı fəhlələr hazırlayırıq. Buradakı aparatlar neft sənayesində istifadə olunan neft kimya aparatlarıdır.

Burada 40 ildir ki, işləyirəm və təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu sahədə iş imkanları genişdir. Əvvəllər məcburi idi, belə ki, tələbələr buranı bitirdikdən sonra birbaşa işə başlayırdılar. İndi vakansiya vasitəsi ilə işə qəbul olurlar.
Şirkətlərdə çalışan məzunlarımız var. Məzunlarımızdan biri Neft Emalı Zavodunda işləyir. Tələbələr arasında qızlar da var, amma oğlanlar üstünlük təşkil edir. Üçüncü kursdan etibarən hər gün istehsalat prosesinə cəlb olunurlar”.

Peşəkar şirniyyatçı olmaq üçün səbr lazımdır

Qənnadçı, İstehsalat təlim ustası Samirə Əminova: “Mən 6 ildir qənnadçı işləyirəm. Və deyə bilərəm ki, bu peşəyə çox böyük tələbat var.

Burada bir qrupda 20 nəfər təhsil alır və onlar dərslərdə peşənin sirlərinə dərindən yiyələnirlər. Onlara xəmirin, kremlərin düzgün hazırlanması qaydası öyrədilir. Marağı olanlar deyilənləri yaxşı mənimsəyib, peşəkar şirniyyatçı olurlar. Yaxşı nəticə üçün səbr lazımdır. Bunu da hər kəs bacarmır.

Bu ixtisasda daha çox qızlar təhsil alır, ona görə hər qrupda iki- üç oğlana rast gəlmək mümkündür. Üçüncü kursdan artıq şirniyyat evlərinə təcrübəyə göndəririk. Tanınmış şirniyyat evlərində təcrübə keçdikdən sonra orada işlə də təmin olunurlar. Həmçinin özləri də restoranlarda, otellərdə rahatlıqla iş tapa bilirlər”.

Həmsöhbətimiz Fidan Əliyeva həm mərkəzdə logistika operatoru ixtisasında təhsil alır, həm də jurnalist kimi fəaliyyət göstərir:

“Mən 11-ci sinifdən peşə təhsilini seçdim. İndi birinci kursda təhsil alıram. Logistika istehsalın istehlakçıya çatdırılması xidmətidir. İnanıram ki, bu sahədə gənclər üçün çox geniş imkanlar yaranacaq.
Dərslərimiz nəzəri və təcrübə hissəsindən ibarət olur. Həftədə 3 dəfə nəzəri, iki praktik dərslər keçirik. Təbii ki, təcrübə ilə öyrənmək daha maraqlıdır, həm də bir çox şey öyrənmiş oluruq”.

Xədicənin arzusu şirniyyat evi açmaqdır

“Qənnadçı, şirniyyatçı" ixtisasında təhsil alan Xədicə Ağazadənin sözlərinə görə, 9-cu sinifdən peşə təhsilini seçib: “Uşaqlıqdan yemək bişirməyi, xüsusən şirniyyat hazırlamağı sevirəm. Bu sahədə də işləmək istəyirəm. Adama elə gəlir ki, sevdiyim və seçdiyin sahədi, üstəlik də öncədən müəyyən biliyin var, amma təhsilə başlayanda və bu sənəti dərindən öyrənəndə görürsən ki, hələ yolun başındasan. Ona görə ilk gün mənə çətin gəldi, fərqinə vardım ki, bizim bilmədiyimiz çox məqamlar var. Hər birinə ayrı-ayrı əməl etmək lazımdır.

Gələcəkdə şirniyyat evi açmaq istəyirəm. İndi yemək və şirniyyatları evdə və burda hazırlayıram. Mərkəzdə bununla bağlı hər cür şərait var. Müəllimlər dərslərdə hazırladığımız təamların dadına, görünüşünə baxıb bizə qiymət verirlər”.

Qaynaqçı ixtisası üzrə istehsalat təlim ustası Vahid Vəliyev deyir ki, peşə seçərkən işin müsbət və mənfi tərəflərini düşünmək vacibdir.

“Məktəbimizdə tələbələr üçün kifayət qədər şərait yaradılıb. Sənətinin peşəkarı olduqdan sonra pul qazanmaq problem deyil. Qaynaqçı peşəsinə tələbat çoxdur. Tələbat çox olduğu üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə böyük fabriklərdə iş tapmaq mümkündür”.

"Açıq qapı"da diqqətimi çəkən məqam orada daha çox məktəblilərin və valideynlərin iştirak etməsiydi. Həmsöhbət olduğum məktəblilər bura həvəslə gəlib, məlumat əldə etdiklərini və bu biliklərin onların düzgün peşə seçməsində əhəmiyyətli rol oynadığını etiraf etdilər.

Избранный
7
teleqraf.com

1Источники