“Real”ın braziliyaəsilli portuqaliyalı keçmiş müdafiəçisi Pepe İspaniya Kral Kubokunun “Barselona” ilə finalından gözləntisini açıqlayıb.
Arena.az xatırladır ki, yarışın cari mövsümünün həlledici oyununda bu gün “Barselona” və “Real” qarşılaşacaqlar.
“Ümidvaram ki, Madrid cədhəsi qalib gələcək. Amma düşünürəm ki, bunu etmək çox çətin olacaq. Oyuna təxminim? 2:0 “Real”ın xeyrinə, Federiko Valverde və Antonio Rüdigerin qolları ilə”, deyə Pepe vurğulayıb.
Pepe “Barselona”nın cari mövsümdəki oyununu da qiymətləndirib:
“Barsa” çox yaxşı mövsüm keçirir. Əvvəlcədən belə bir təəssürat vardı ki, onların sadəcə olaraq komandası yoxdur, amma həqiqət bundadır ki, “blauqrana”nın işləri qaydasındadır”.
“Barselona”nın ispan keçmiş qapıçısı Viktor Valdes də “blauqrana” ilə “Real” arasında tutacaq final oyununa dair fikrini açıqlayıb:
“Mənim, “Real”la finallardakı təcrübəm deyir ki, favoritlər haqda danışmaq olmaz. Finallarda onlar heç vaxt ölü olmurlar. “Real” çox təhlükəlidir və heç vaxt təslim olmur”, deyə Valdes vurğulayıb.
Belarus futbolunun əfsanəsi, “Barselona”nın keçmiş hücumameyilli yarımmüdafiəçisi Aleksandr Qleb isə alman mütəxəssis Hans-Diter Flikin “blauqrana”nın sükanı arxasındakı işini qiymətləndirib:
“Nəticələrə və oyuna görə mühakimə aparsaq, “Barselona” Flikin təyinatı ilə bağlı yanılmayıb. Mən isə buna şübhə ilə yanaşdığıma görə, güman ki, yanılmışam. O, əlaçıdır”, deyə Qleb məmnunluqla vurğulayıb.
Xatırladaq ki, İspaniya Kral Kubokunun “Barselona” – “Real” oyunu bu gün, aprelin 26-da Sevilyanın “Olimpiya Stadionu”nda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 Aprel) başladacaq.