Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri barədə məqalə dərc edilib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur” sərlövhəli məqalədə Çin lideri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, bu görüşdə səsləndirdiyi bəyanatları və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat və digər əməkdaşlıq sənədləri barədə yazılır.
Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu, çoxtərəfli ticarət sisteminə zərər vurduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir.
Eyni zamanda, yazıda diqqətə çatdırılır ki, Çin rəhbəri ölkəsinin Azərbaycanla beynəlxalq sistemi qorumaq və hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb. Məqalədə Sinxua agentliyinə istinadla qeyd olunur: “Çin BMT-nin mərkəzində olduğu beynəlxalq sistemi dəstəkləmək və beynəlxalq ədalət və haqlılığı qorumaq üçün Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır”.
Vurğulanır ki, hər iki lider Çin və Azərbaycan arasında Əhatəli Strateji Tərəfdaşlıq qurulduğunu elan ediblər.