RU

Milli Kitabxanada “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb

Bakı, 26 aprel, AZƏRTAC

Milli Kitabxanada əqli mülkiyyətin qorunması, mənimsənilməsi, eləcə də əqli mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə məqsədilə “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə əqli mülkiyyət siyasəti, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, patent qanunvericiliyi, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat topluları, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər haqqında hüquqlar, Azərbaycan folkloru nümunələri, ənənəvi biliklər və qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Beynəlxalq Əqli Mülkiyyət Günü Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib. Bu gün hər il bir deviz altında keçirilir. 2025-ci ilin devizi belədir: "Əqli mülkiyyət və musiqi: əqli mülkiyyətin ritmini hiss edin".

Bu gün ölkəmiz əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlət kimi təqdim olunur. 2012-ci il mayın 22-də “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, 2018-ci il aprelin 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin yaradılması və s. mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.

 

Избранный
5
1
azertag.az

2Источники