Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” təsdiqlənib.
Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.
Xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq
Agentlikdən bildirildi ki, Vahid İnformasiya Sistemi ölkədə kommunal sahədə idarəetmənin effektiv təşkili məqsədi daşıyır: “Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq”.
Qurumun məlumatına görə, sistem vətəndaşlar üçün bir sıra yenilik və rahatlıq vəd edir: “Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar”.
MİS-lər, liftlərə dair xidmətlər də sistemə inteqrasiya edilə bilər
Agentlikdən bildirildi ki, Yol Xəritəsinə əsasən, sistemə aşağıdakı kommunal xidmət növləri - elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı daxil edilib. Bu xidmətlər üzrə məlumatlar real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürüləcək və vətəndaşlar bu məlumatlara rahat çıxış əldə edəcəklər: “Gələcək mərhələlərdə isə xidmət spektrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yaşayış binalarının idarə olunması (Mənzil İstismar Sahəsi -MİS), lift və mənzil fonduna dair xidmətlər də potensial olaraq bu sistemə inteqrasiya edilə bilər. Əgər bu sahələr üzrə rəqəmsallaşma təmin olunarsa və aidiyyəti normativ-hüquqi baza formalaşarsa, həmin ödənişlər və xidmətlər də sistem daxilində elektron şəkildə idarə oluna bilər”.
Əvvəlcə böyük şəhərlərdə tətbiq ediləcək