Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqqiat İnstitutu arasında görüş keçirilib.
Qonaqları universitetdə salamlayan ADNSU-nun rektoru, dosent Rüfət Əzizov elmi tədqiqat institutları ilə əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, eyni zamanda müdafiə texnologiyaları sahəsində gənc kadrların innovativ təşəbbüslərinin dəstəklənməsini, universitet mühiti ilə inteqrasiyasını müsbət səciyələndirib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun müşaviri Qamət Kərimov və institutun direktor müavini Vüsal Hüseynov universitetlərlə istehsal müəssisələrinin kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyətindən və istedadlı gənclərin dəstəklənməsi məqsədilə yaradılan “Def-Age” platformasından danışıblar. Sonra qonaqlar layihənin ilk fəaliyyət mərhələsi olaraq planlaşdırılan və 4 ay davam edəcək “Boot Camp” proqramı haqqında ətraflı məlumat veriliblər. Proqramın müddəti, müraciət qayadalarından danışılıb və “Boot Camp” çərçivəsində iştirakçılara müdafiə sahəsindəki innovativ texnologiyalar, layihə rəhbərliyi, tətbiqi mühəndislik və startap yanaşmaları üzrə intensiv təlimlərin keçiriləcəyi bildirilib.
Görüşdə səsləndirilən digər önəmli təşəbbüslərdən biri də “Müdafiə Texnologiyaları Klubu”nun yaradılması ideyası olub. “Boot Camp” proqramında fərqlənən iştirakçıların əldə etdikləri bilik və bacarıqları layihələrində tətbiq etmələri, həmçinin bu təcrübəni digər tələbələrlə bölüşmələri məqsədilə universitetlərdə aktiv fəaliyyət göstərən klubların qurulmasının, həmçinin seminarlar, təlimlər, yarışlar, inkubasiya və akselerasiya proqramları, bootcamplar və demoday tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.