RU

"Trampın Ukrayna ilə bağlı nizamlanma planı: Rusiya və Ukrayna nələri əldə edəcək?" - "The Telegraph"

 
ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olunması üçün irəli sürdüyü əsas təkliflər Krımın Rusiya ərazisi kimi tanınması və Moskvanın Ukraynanın şərqindəki ərazilərə nəzarətinin saxlanılmasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Aprelin 17-də Parisdə keçirilən görüşdə ABŞ nümayəndə heyəti Ukrayna tərəfinə Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunmasına yönəlmiş məxfi planını təqdim edib. Bu planın bəzi bəndləri aprelin 23-də  tarixində "Axios," "The Telegraph" qəzeti və CNN telekanalı tərəfindən mənbələrə istinadla dərc olunub.
 
Yayımlanan məlumatlara əsasən, Trampın əsas təklifi Ukraynaya məxsus Krım yarımadasının Rusiya Federasiyasının tərkib hissəsi kimi tanınması və Moskvanın 2022-ci ilin fevralında tammiqyaslı işğaldan sonra Rusiyanın nəzarətinə keçən dörd region - Luqansk, Donetsk, Xerson və Zaporojye üzərində faktiki nəzarətinin saxlanılmasıdır.
 
Plana görə, Ukrayna NATO-ya üzv olmaq niyyətindən imtina etməlidir. Bununla yanaşı, "Axios"un yazdığına görə, bir səhifəlik sənəddə Ukraynanın Avropa İttifaqına üzvlüyünün "mümkün ola biləcəyi" qeyd olunur.
 
Eyni zamanda, plan 2014-cü ildən sonra, o cümlədən Krımın ilhaqına görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasını və ABŞ ilə Rusiya arasında iqtisadi əməkdaşlığın, xüsusilə enerji və sənaye sahələrində genişləndirilməsini nəzərdə tutur.
 
Trampın planına əsasən Ukrayna nə əldə etməlidir?
 
"The Telegraph" qəzetinin yazdığına görə, Trampın sülhə dair 7 bənddən ibarət planı "Ukrayna üçün acı bir həqiqət" olacaq: "O, ərazi itirəcək, lakin ABŞ-dan aydın təhlükəsizlik zəmanətləri əldə etməyəcək".
 
"Etibarlı təhlükəsizlik zəmanətləri" Avropa ölkələrindən və bir neçə qeyri-avropa ölkəsindən ibarət xüsusi bir qrupun iştirakı ilə təmin olunmalıdır. Lakin "Axios" qeyd edir ki, sənəddə sülhməramlı əməliyyatın necə həyata keçiriləcəyi və ABŞ-ın bu əməliyyatda iştirakının hansı formada olacağı barədə heç bir dəqiq məlumat yoxdur.
 
Eyni zamanda sənəddə Rusiyanın işğal etdiyi Xarkov vilayətinin kiçik bir hissəsinin Ukraynaya qaytarılması, habelə Ukrayna gəmilərinin cəbhə xətti boyunca axan Dnepr çayı ilə sərbəst hərəkət etməsinə imkan yaradılması nəzərdə tutulur.
 
Plana Ukraynanın bərpası və kompensasiyalar məsələsi də daxil edilib, lakin "Axios"un qeyd etdiyi kimi, bu layihələrin maliyyələşməsinin haradan təmin olunacağı göstərilmir.
 
Zaporojye AES məsələsi
 
Plana əsasən, Zaporojye Atom Elektrik Stansiyası Ukrayna ərazisində qalacaq, lakin onun istismarını ABŞ həyata keçirəcək. Elektrik enerjisi isə həm Ukraynaya, həm də Rusiyaya ötürüləcək.
 
"Axios"un məlumatına görə, sənəddə Kiyev və Vaşinqton arasında Ukraynanın mineral ehtiyatları ilə bağlı sövdələşmə məsələsi də əks olunub, lakin bu barədə təfərrüatlar verilməyib.
 
Zelenski Krımı Rusiyaya güzəştə getməyə hazır deyil
 
Aprelin 22-də tarixində Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Krımın işğalını hüquqi cəhətdən tanımayacaq. "Bu bizim ərazimizdir, Ukrayna xalqının torpağıdır. Bu mövzu üzrə danışmağa dəyməz, bu, Konstitusiyamıza ziddir", - o, bəyan edib.
 
Zelenski həmçinin əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyünə yalnız alyansın üzv ölkələri veto qoya bilər, - bu barədə "Obozrevatel" nəşri yazır.
 
Bir sıra ABŞ mediasının yazdığına görə, Zelenskinin bu mövqeyi ABŞ Dövlət katibi Marko Rübionun həmin gün Londonda keçirilməli olan sülh danışıqlarında iştirakdan imtina etməsinə səbəb olub. Rübionun ardınca dəvət olunmuş Avropa ölkələrinin xarici işlər nazirləri də görüşdə iştirakdan imtina edib.
 
"Axios"un məlumatına görə, Ukrayna nümayəndə heyəti Londonda 30 günlük atəşkəslə bağlı danışıqlar aparmaq niyyətində olub, ABŞ administrasiyası tərəfindən təklif olunan yekun sülh sazişini müzakirə etməyi isə planlaşdırmayıb.
Избранный
33
50
moderator.az

10Источники