RU

Prezidentlər Birgə Bəyanat imzaladılar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

Publika.az bəyanatı təqdim edir:

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri etmişdir.

Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

1. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

2. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.

Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər.

3. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.

4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.

Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.

5. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.

6. Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.

7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.

Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.

Tərəflər qeyd edirlər ki, Çinin keçirdiyi Nəqliyyatın Dayanıqlı İnkişafı üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət əhəmiyyətə malikdir.

8. Tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmağa, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər, habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.

9. Tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər.

Tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.

Избранный
0
35
publika.az

10Источники