EN

Rusiya və Ukrayna arasında əsir mübadiləsi başa çatdı

Rusiya və Ukrayna arasında əsir mübadiləsi başa çatdı.

BAKU.WS xəbər verir ki, Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqları zamanı razılaşdırılan əsir mübadiləsi tam şəkildə həyata keçirilib. Son mərhələdə 303 rus və 303 ukraynalı hərbçi qarşılıqlı olaraq dəyişdirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən həftə İstanbulda Türkiyənin vasitəçiliyi ilə keçirilən müzakirələrdə əldə olunan razılaşma əsasında əsir mübadiləsi həyata keçirilib. Nazirlik bildirib ki, Kiyev rəhbərliyinin nəzarətində olan ərazilərdən daha 303 rus hərbçisi geri qaytarılıb. Əvəzində eyni sayda ukraynalı hərbçi azad edilib.

Rus hərbçilərinin hazırda Belarusda olduqları və onlara tibbi və psixoloji yardım göstərildiyi qeyd olunub. Hərbçilər daha sonra Rusiya Müdafiə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində müalicə olunmaq üçün ölkəyə gətiriləcək.

Beləliklə, 23-25 may tarixlərində həyata keçirilən mübadilələr nəticəsində ümumilikdə 1000 rus və 1000 ukraynalı əsirin dəyişdirilməsi ilə bağlı razılaşma tamamlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı açıqlama verərək, daha 303 Ukrayna hərbçisinin azad edildiyini və 1000-ə 1000 formatında nəzərdə tutulan əsir mübadiləsinin yekunlaşdığını bildirib. O, bütün ukraynalı əsirlərin evlərinə qayıtması üçün işlərin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 16 may tarixində İstanbulda, Türkiyə Prezident Administrasiyasının Dolmabağça Ofisində danışıqlar aparılıb. Tərəflər danışıqlarda böyük əsir mübadiləsi ilə yanaşı, mümkün atəşkəslə bağlı fikir mübadiləsi aparmaq və müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Əsir mübadiləsi çərçivəsində 23 mayda 270 hərbçi və 120 mülki şəxs, 24 mayda isə 307 hərbçi qarşılıqlı olaraq dəyişdirilib.

Chosen
0
15
far.az

10Sources