EN

Avrasiya geosiyasətində nəhəng oyunçu

Bu həftə Azərbaycanın xarici siyasət gündəmi Prezident İlham Əliyevin Macarıstana səfəri, bu ölkənin Baş naziri Viktor Orbanla görüşü, ardınca isə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə diqqətdə oldu.
Azərbaycanın məqsədi TDT-nin təmsilçilik arealını böyütmək, yeni düzəndə möhkəm strateji əlaqələr qurmaqdır. İlham Əliyevin Viktor Orbanla mətbuata birgə bəyanatında və TDT-nin qeyri-rəsmi sammitindəki verdiyi mesajların məzmunu bu cür oxuna bilər. İlham Əliyevin Macarıstanda keçirdiyi görüşlər və verdiyi bəyanatlar Azərbaycanın xarici siyasət strategiyasındakı güclənən mövqeni nümayiş etdirir. Onun irəli sürdüyü konsepsiya ümumilikdə Avrasiya geosiyasətindəki Azərbaycanın yüksələn nüfuzuna istinad edir. Bundan əlavə, Azərbaycanın beynəlxalq nəqliyyat koridorlarında, o cümlədən Orta Dəhlizdəki rolu cəlbedicidir.

Gücləndirilmiş və intensivləşdirilmiş münasibətlər sistemi

Diqqət yetirsək, Azərbaycan-Macarıstan əlaqələri gücləndirilmiş və intensivləşdirilmiş münasibətlər sisteminə malikdir. Macarıstanın TDT-də müşahidəçi statusundakı təmsilçiliyi, Azərbaycanla əlaqələrə verdiyi yüksək qiymət Avropa İttifaqının da manevr imkanlarına töhfə verir. Hərçənd ki, Qərbin bəzi dairələrində Viktor Orbanın Azərbaycanla əlaqələri yüksək qiymətləndirməsi qısqanclıqla qarşılanır. Buna baxmayaraq, Macarıstan Azərbaycanın Avropanın təhlükəsizliyində, o cümlədən enerji təhlükəsizliyindəki rolunu özü üçün uyğun sayır. Bu, Qərbdə Azərbaycana qarşı formalaşmış müqavimət oxlarının zərərsizləşdirilməsində yardımçı olur.

Azərbaycanla Macarıstanın üzləşdiyi oxşar çağırışlar

Eyni zamanda Azərbaycan Macarıstan vasitəsilə Avropa İttifaqının TDT-yə olan marağının güclənməsinə səbəb olan strategiya izləyir. Göründüyü kimi, Azərbaycan-Macarıstan əlaqələri enerji sektoru, qeyri-neft sahəsindəki əməkdaşlıqla bərabər geosiyasətdə müştərək maraqlara istiqamətlənib. Azərbaycanla Macarıstan Avropada eyni çağırışla üzləşiblər və Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı bu prosesə belə eyham vurub: “Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.

İlham Əliyevin bu bəyanatı həm Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin əsaslandırılmasını, həm də iki ölkənin geosiyasi, tarixi və coğrafi baxımdan ortaq xüsusiyyətlərini göstərir. Təhlükəsizlik çağırışları kontekstində isə daha böyük bir məsələ açılır: Azərbaycan da, Macarıstan da Rusiya-Ukrayna müharibəsi fonunda savaş aparan qonşularla həmsərhəddir. İlham Əliyevin bəyanatı regional təhlükəsizlik, sərhədlərin sabitliyi baxımından ortaq mövqelərin formalaşmasına zəmin yaradır.

Chosen
0
2
publika.az

10Sources