Fransada taksi sürücüləri yeni qaydalar və tariflərə etiraz olaraq aksiyası keçirirlər. Yüzlərlə taksi sürücüsü Parisin mərkəzinə toplaşaraq, cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə qarşı narazılığını bildirib.
Şəhər mərkəzində toplaşan etirazçılarla polis arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları avtomobillərini tərk edərək yollarda baryerlər qurublar, zibil qutularını yandırıblar. Polis blokadalarına baxmayaraq, sürücülər hökumət binalarına doğru hərəkət etməkdə israrlıdırlar.
Əyalətlərdə də taksi sürücüləri əsas magistral yollar və tunel girişlərində maneələr yaradaraq etirazlarını davam etdirirlər. Bəzi şəhərlərdən sürücülər aksiyaya dəstək məqsədilə Parisə axışırlar.
Milli Taksi Federasiyası (FNDT) mayın 23-dək Paris, Po və Marsel şəhərlərində yeni etiraz aksiyalarının keçiriləcəyini elan edib. Federasiya Parisdə toplaşacaq taksilərin əsas hədəflərinin Raspail bulvarı (Nəqliyyat Nazirliyinin yaxınlığı), dəmir yolu vağzalları və hava limanları olduğunu bildirib. Mayın 24-də isə əlavə tədbirlərin həyata keçiriləcəyi gözlənilir.
Taksi sürücülərinin etiraz aksiyalarının mayın 23-dək davam edəcəyi qeyd olunur.