EN

Xabi Alonso və “Bayer”dən rekord göstərici

Almaniya Bundesliasının 2024/2025-ci illər mövsümü “Bayer” və “əczaçılar”ın baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Bundesliqanın sonuncu, 34-cü turunda “Bayer” səfərdə “Maynts”la 2:2 hesablı heç-heç oynayaraq, möhtəşəm rekorda imza atıb.

Belə ki, 43 yaşlı ispan mütəxəssis Alonsonun “Bayer”i son iki mövsümdə Almaniya Bundesliqasının ardıcıl 34 səfər oyununda məğlubiyyət tanımayıb.

“Opta Franz” dərgisinin təqdim etdiyi məlumata görə, bu, mütləq rekorddur – həm Leverkuzen klubu və həm də Almaniya Bundesliqası üçün. Alonsonun “əczaçılar”ı iki mövsüm ərzində səfər oyularında 24 qələbə qazanıblar və 8 heç-heçə ediblər.

Xatırladaq ki, “Bayer” cari mövsümü gümüş medalla başa vurub. Daha əvvəl isə Xabi Alonso mövsümün başa çatması ilə “əczaçılar”dan ayrılacağını açıqlamışdı. İspan mütəxəssisin “Real”ın sükanı arasına keçəcəyi ilə bağlı məlumat var.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 140 oyuna çıxarıb, 89 qələbə, 32 heç-heçə, 19 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 315:155 nisbətindədir.

34 oyundan 69 xal toplamış “Bayer” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş medal qazanıb.

Chosen
0
8
arena.az

10Sources