Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, hadisə Heydər Əliyev prospektində, yerli sakinlərin “Azriba” adlandırdığı ərazidə qeydə alınıb.
Tütəpeştə kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin qarşısına qəfil küçə iti çıxıb. Sürücü avtomobilə nəzarəti itirərək nəqliyyat vasitəsini körpüyə çırpıb.
Nəticədə sürücü və sərnişinləri – 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu, 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə xəsarət alıblar. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
K.Qurbanovanın sol baldır sümüyündə yer dəyişən sınıq, sağ pəncəsində 2-ci dərəcəli termiki yanıq (qaynar termosun məhlulu üstünə dağılıb), həmçinin sol pəncəsində kəsik aşkarlanıb.
O, reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki yaralının müalicəsi xəstəxananın aidiyyəti şöbələrində davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır
Sabutay, Bizim.Media, Cənub bürosu