“Bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bizdə istiliyin verilməsi konkret günlə müəyyənləşir: “Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Bu həm də xeyli mənada ziyan vurur. İstilik verilən evlərin çoxu 9 mərtəbə panel evlərdir. Havanın soyuması ilə o evlər dərhal soyuyur. Növbəti təklifim ondan ibarətdir ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunmalıdır”.