Sağlam qidalanmanın vacib şərtlərindən biri təmiz meyvə və tərəvəz istehlakıdır. Lakin bazarlardan və marketlərdən alınan məhsulların çoxu müxtəlif pestisid və kimyəvi maddələrlə işlənmiş olur. Çoxları bu zərərli qalıqlardan xilas olmaq üçün meyvə və tərəvəzlərini sirkəli su ilə yumağa üstünlük verir. Ancaq mütəxəssislər bu metodun kifayət etmədiyini açıqlayaraq daha effektiv təmizləmə üsullarını tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, sirkənin bakteriya və mikroorqanizmləri aradan qaldırmaqda təsirli olsa da, pestisidlərin tam təmizlənməsi üçün yetərli olmadığı bildirilib. Onun turşuluğu bəzi kimyəvi maddələrin təsirini azalda bilər, lakin pestisidlərin səthdəki qalıqlarını tam aradan qaldırmaq mümkün olmur.
Araşdırmalar göstərir ki, qazlı su (soda) pestisidlərin səthi qalıqlarını parçalamaqda daha təsirli ola bilər. Bundan əlavə, çörək soda da qələvi tərkibi ilə kimyəvi qalıqları neytrallaşdırmağa kömək edir. Amma diqqət edilməli məqam odur ki, sirkə ilə çörək soda birlikdə istifadə edildikdə təsirlərini itirirlər. Bu səbəbdən onların ardıcıl şəkildə, ayrı-ayrı mərhələlərdə tətbiqi məsləhətdir.
Mütəxəssislərin tövsiyə etdiyi mərhələli üsul belədir:
Meyvə və tərəvəzləri qazlı suda 15 dəqiqə isladın.
Daha sonra bol axar su ilə yuyun.
Ardınca sirkəli suda bir neçə dəqiqə saxlayın.
Bu üsul, xüsusilə qabığında çatlar olan məhsullarda daha yüksək təmizlik səviyyəsi təmin edə bilər.
Bütün bu tədbirlərə baxmayaraq, pestisidlərin tam təmizlənməsi zəmanətli deyil. Ən təhlükəsiz seçim - mümkün qədər üzvi və sertifikatlı məhsullar almaqdır.
Milli.Az