Ötən il AZAL 63 istiqamətə uçuş həyata keçirib ki, bu da 2022-ci ilin 27 istiqaməti ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Eyni dövrlər üzrə sərnişin sayında da iki dəfə artım nəzərə çarpıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Bakıda keçirilən IATA-nın Aviasiya Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, “Boeing”, “Airbus”, “AerCap” və “CDB Aviation” şirkətlərindən yeni təyyarələrin alınması və lizinqi barədə müqavilələr imzalanıb.
“2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə donanmamıza qoşulacaq. Eyni zamanda, Azərbaycan hava məkanındakı aviasiya hərəkəti 2022-ci ildən bu yana 80 faizdən çox artıb, tranzit uçuşların sayı isə ikiqat artaraq ölkəmizin qlobal aviasiya marşrutlarındakı əhəmiyyətini bir daha təsdiqləyib. 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC “Skytrax World Airline Awards 2024”ün “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” mükafatına layiq görülüb. Bu və qazandığımız digər mükafatlar təhlükəsizlik, xidmət və sərnişin məmnuniyyətində artan mükəmməlliyimizin sübutudur”, - deyə AZAL prezidenti nəzərə çatdırıb.