EN

Dövlət xəstəxanalarında KT və MRT cəmi 20 faiz ödənişə keçdi....


Adil Qeybulla: “MRT və KT müayinələri əlavə vəsait tələb edir, bu səbəbdən də...”

Məlum olduğu kimi, İcbari Tibbi Sığortanın qərarı ilə Azərbaycanda MRT və KT müayinələri ödənişli olacaq. Belə ki, sözügedən müayinələr üçün İcbari Tibbi Sığorta çərçivəsində dövlət xəstəxanalarında ödənişin 20 faizi tələb olunacaq.

Maraqlıdır, bu qərar əhaliyə necə təsir edəcək?

“İcbari Tibbi Sığortaya, əsasən aztəminatlı təbəqə üz tutur, onlar da onsuz çətinliklə nə isə əldə edə bilirlər”

Tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İcbari Tibbi Sığorta yeni təşəkkül tapanda bir neçə məqamda yanlışlıq oldu. Həmin səhvlərdən biri randevu sisteminin düzgün qurulmaması idi: “Bu sistemin düzgün tərtib olunmaması bu gün xəstəxanalarda müşahidə olunan uzun növbələrə səbəb olub. İndi bu sistemi yavaş-yavaş qaydaya qoymağa çalışırlar. Həmçinin, bütün xidmətlərin vətəndaşlara geniş şəkildə açıq olması bir sıra problemlərə səbəb oldu. Elə müayinələr var ki, onların xərcləri hesablanmalıdır. MRT və KT müayinələrindən istifadə əlavə xərc tələb edir. Bu səbəbdən də belə bir qərara gəlinib. Əslində Türkiyədə 2012-ci ilə qədər belə bir təcrübə mövcud olub. Sonra ölkə iqtisadiyyatı inkişaf etdikcə, icbari tibbi sığortanın imkanları artdıqca vətəndaşlar üzərinə düşən xərclər dövlət tərəfindən qarşılandı. Bizdə də belə bir təcrübənin yaşanması üçün zaman lazımdır. Hazırda bəzi xidmətlərin vətəndaş və dövlət arasında bölünməsi zərurəti yaranıb. Burda tək vətəndaşları deyil, xəstəxanaları da nəzərə almaq lazımdır. Çünki MRT və KT müayinələri əlavə vəsait tələb edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, İcbari Tibbi Sığorta, əsasən aztəminatlı təbəqə üz tutur. Onlar da onsuz çətinliklə nə isə əldə edə bilirlər. Günlərlə növbəyə dururlar, dərman çatışmazlığı, aparat çatışmazlığı və s. problemlər olduqca çoxdur. Belə problemlər olduğuna görə vətəndaşlarımız vaxtında müayinə olub, daşıdıqları xəstəliklərdən xəbərdar ola bilmirlər.

Günel CƏLİLOVA

Chosen
0
50
baki-xeber.com

10Sources