EN

Putin Ukraynada 30 günlük atəşkəs ideyasını niyə qəbul etmir...


Tural İsmayılov: “Kremlin cəmi 3 günlük atəşkəslə kifayətlənməsi onun əslində sülhdə maraqlı olmadığını ortaya qoyur”

Ukrayna Rusiyaya 30 günlük atəşkəs təklif edib. ABŞ prezidenti Donald Tramp da bu təklifi dəstəkləyib. Ancaq Rusiya prezidenti Vladimir Putin 3 günlük atəşkəsdən danışıb.

Mayın 11-də isə onun elan etdiyi 3 günlük atəşkəsin müddəti bitib. Yəni V.Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Putinin fikrincə, 30 günlük atəşkəs Ukraynaya Qərb ölkələrinin dəstəyi vasitəsilə hərbi arsenalını artırmağa və cəbhə bölgəsindəki döyüşçülərinə istirahət verməyə, o cümlədən onları əvəz etmək üçün yeni qüvvələrin cəlbinə imkan verəcək. Bundan başqa, Putin hesab edir ki, Ukrayna atəşkəsdən istifadə edərək genişmiqyaslı səfərbərlik həyata keçirəcək. Bunlar baş verməsin deyə, Kreml 30 günlük atəşkəsə razılaşmır.

Putin niyə 30 günlük atəşkəs istəmir?

“Məncə, 30 günlük atəşkəs Rusiyanın planlarını pozur...”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Ukraynanın 30 günlük atəşkəs təklifi əslində insani faciələrin qarşısını almağa yönəlmiş bir təşəbbüsdür: “Bu cür genişmiqyaslı humanitar fasilə həm mülki əhali üçün, həm də beynəlxalq ictimaiyyətin bölgəyə yardım göndərməsi üçün mühüm fürsətdir. Trampın bu təşəbbüsə dəstək verməsi ABŞ-ın yenidən Ukrayna məsələsində aktiv rol almağa çalışdığını göstərir. Kremlin isə cəmi 3 günlük atəşkəslə kifayətlənməsi onun əslində sülhə maraqlı olmadığını ortaya qoyur. Onlar bu qısa fasilələri sadəcə hərbi baxımdan mövqe dəyişmək və cəbhədə nəfəs almaq üçün istifadə edir. Məncə, 30 günlük atəşkəs Rusiyanın planlarını pozur, çünki bu qədər uzun bir müddət onun ordusundakı təzyiqləri artırar. Rusiya tərəfi uzunmüddətli sülhü qəbul edərsə, bu, onun zəif mövqeyini etiraf etməsi anlamına gələr. Kreml hazırda informasiya müharibəsi ilə real vəziyyət arasındakı fərqi gizlətməyə çalışır”.

T.İsmayılovun sözlərinə görə, 3 günlük atəşkəslə sanki “sülhə açığıq” görüntüsü verirlər, amma praktikada hərbi üstünlük axtarışını davam etdirirlər. “Bu, ikili standartın klassik nümunəsidir. Putin uzunmüddətli atəşkəsi qəbul etsə, bu, daxili ictimaiyyətə də onun kompromisə getdiyini göstərər və bu da Kreml üçün risqlidir. Həm də 30 günlük fasilə Ukrayna ordusuna möhkəmlənmək və beynəlxalq dəstəyi gücləndirmək şansı verər. Bu isə Rusiya üçün strateji təhlükədir. Ona görə də Moskva bu cür təşəbbüslərə skeptik yanaşır və sadəcə görüntü xatirinə simvolik razılıqlar verir. Amma real məqsəd sülh deyil, vaxt qazanmaqdır. Rusiya diplomatiyası zaman udmağa və qarşı tərəfi yormağa çalışır. Bu isə bütövlükdə regionda sabitliyin bərpasına ciddi əngəl törədir” - deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA

Chosen
0
49
baki-xeber.com

10Sources