Avstraliyalı seysmoloqlar Kanadada və Qrenlandiyada baş verən qasırğalar nəticəsində yaranan zəif yeraltı titrəyişləri - mikroseysmləri qeydə alıblar. Bu zəif siqnallar Yer kürəsinin digər tərəfində, Qərbi Avstraliya və Kvinslenddə yerləşən cihazlar tərəfindən aşkar edilib. Daha maraqlısı isə odur ki, bu dalğalar təkcə Yer qabığını deyil, həm də onun nüvəsini keçib. Bu, Yer planetini belə dərinlikdə "dinləmək" üçün nadir bir hal sayılır.
Avstraliya Milli Universitetinin tədqiqatçısı Abxay Pandi qeyd edir ki, bu siqnallar o qədər zəifdir ki, onları izləmək üçün bir neçə günlük məlumat və xüsusi seysmometr şəbəkəsi tələb olunur.
Tədqiqatçılar bildirir ki, bu metod digər planetlərdə də istifadə oluna bilər - xüsusilə zəlzələsi, vulkanı və ya tektonik fəallığı olmayan planetlərdə. Belə planetlərin səthinə seysmometr yerləşdirilərsə, atmosfer və okean dalğaları vasitəsilə onların daxili quruluşunu tədqiq etmək mümkün olacaq.
Tədqiqatın müəlliflərindən Xrvoje Tkalçic deyir ki, bu metod buzlu peyklər də daxil olmaqla digər planetlərin nüvəsinin öyrənilməsinə imkan verir. Bu isə yeni kosmik missiyalar üçün hədəflər və yaşama əlverişli planetlərin axtarışı baxımından əhəmiyyətli irəliləyiş ola bilər.