Sea Breeze

PKK terror təşkilatı özünü buraxdığını elan edib. Təşkilatın 12-ci qurultayında qəbul olunan qərarla, struktur fəaliyyətlərinə xitam verildiyi və silahlı mübarizə metodundan imtina edildiyi bildirilib. Açıqlamaya görə, PKK adı ilə görülən bütün fəaliyyətlər dayandırılıb.

Redaksiya Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK-nın ilk silahlı toqquşmaları 1978-ci ildə radikal sol qruplara qarşı həyata keçirilib. Genişmiqyaslı silahlı fəaliyyət isə 1984-cü il avqustun 15-də Siirtin Eruh və Şırnakın Şemdinli bölgələrindəki hücumlarla başlayıb. 50 ildən çox davam edən bu proses ərzində minlərlə insan həyatını itirib.

Yayımlanan sənəddə, “PKK-nın silah və sursatını dövlətin müəyyən etdiyi mərkəzlərə təhvil verəcəyi, silahlı şəxslərin dağdan enəcəyi və cinayət törətmiş şəxslərin məhkəmə qarşısına çıxarılacağı” qeyd olunub.

Təşkilatın bəyanatında Rıza Altun və Ali Haydar Kaytanın Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində həlak olduqları da təsdiqlənib.

Reuters və Yeni Şafak-da yer alan məlumatlara əsasən, bu qərarın Abdullah Öcalanın çağırışı ilə verildiyi bildirilir. Bloomberg bu qərarı Türkiyənin bölgədəki strateji mövqeyini gücləndirən bir dönüş nöqtəsi kimi şərh edib.

DEM Partiyası həmsədri Tuncer Bakırhan, qərarı müsbət qarşılayaraq, bunun demokratik Türkiyə üçün önəmli addım olduğunu qeyd edib.

Rəsmi dairələrdən KCK-nın buraxılması ilə bağlı hər hansı açıqlama verilməyib. Türkiyə cəmiyyətində gözlənti ondan ibarətdir ki, bu prosesin davamı olaraq KCK və digər törəmə strukturların da fəaliyyətlərinə son qoyulsun.

PKK-nın buraxıldığını elan etməsindən sonra Türkiyə iqtisadiyyatında pozitiv əks-səda qeydə alınıb. Borsa İstanbul indeksi 2,48 faiz artıb, qızılın qiyməti 2,32 faiz azalaraq 4.047 lirəyə düşüb, avronun məzənnəsi isə 1,14 faiz geriləyərək 43,1 lirəyə enib.

Sevinc Kərimova

ETX
ETX
ETX