Dünyanın iki nəhəng iqtisadiyyatı – ABŞ və Çin arasında ticarət müharibəsində müvəqqəti sülh yaranıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 90 günlük ticarət atəşkəsi barədə razılığa gəliblər və bu müddət ərzində qarşılıqlı gömrük rüsumlarının əhəmiyyətli şəkildə azaldılması nəzərdə tutulur.
Razılaşmaya əsasən:
– Çin ABŞ-dan idxal edilən məhsullara tətbiq etdiyi rüsumları 125 faizdən 10 faizə endirir.
– ABŞ isə Çin məhsullarına qoyduğu 145 faizlik tarifi 30 faizə salır.
– Eyni zamanda, ABŞ yeni tarif sxeminə əsasən 10 faiz baza rüsumu və Çin vasitəsilə gətirilən fentanilə görə əlavə 20 faizlik əlavə rüsum tətbiq edir.
Bu müvəqqəti ticarət razılaşması Vaşinqton və Pekin arasında gərgin iqtisadi münasibətləri sabitləşdirmək, eləcə də danışıqlar üçün yeni imkanlar açmaq məqsədi daşıyır. Üç ay ərzində tərəflərin daha uzunmüddətli və qarşılıqlı faydalı ticarət sazişi üzrə razılığa gəlməyə çalışacağı gözlənilir.
Dünyanın diqqəti indi bu 90 günlük sınaq müddətinə yönəlib: bu atəşkəs sabit sülhə çevriləcəkmi?
Bizim.Media