1943-cü il həm ön, həm də arxa cəbhənin fəaliyyətində köklü dəyişikliklər ili oldu. Neft hasilatının azalmasına baxmayaraq, cəbhə xəttində irəliləyən sovet ordusunun motor yanacağı və sürtkü materiallarına olan tələbatı tam ödənilirdi. Neft məhsullarına tələbat 1942-ci illə müqayisədə 1943-cü ildə 123%, 1944-cü ildə 145%, 1945-ci ildə isə 172% olmuşdu.

 

SSRİ Neft Xalq Komissarlığının 1942-ci il 15 dekabr tarixli əmrinə əsasən, “Azneftkombinat” Orconikidzeneft, Kirovneft, Stalinneft və Qaradağneft trestlərinin nəzdində istismar qazma kontorları təşkil etməli idi. Lakin bu qərarı həyata keçirmək üçün texnika yox dərəcəsində, ixtisaslı işçi və mühəndis kadrlar çatışmırdı. Bunlar nəzərə alınaraq, 1943-cü ilin sonunda neft sənayesinə 15 min nəfərdən çox yeni çağırışçı cəlb olundu, cəbhədən ixtisaslı neftçilər vaxtından əvvəl geri qaytarıldı. 1943-cü ildə Azərbaycanda “Azneftkəşfiyyat” tresti bərpa olundu, həmin ilin axırlarından etibarən qazma işləri intensivləşməyə başladı, neft kəşfiyyatı bərpa edildi. 1943-cü ildə 919 quyu istismara verilmişdi ki, bu quyulardan da 840,9 min ton neft hasil olunmuşdu.

 

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 87

1943-cü ildə, texnika, texnologiyanın təşəkkül tapmadığı bir vaxtda dəniz seysmik kəşfiyyat üsulu hazırlanır, seysmik məlumatlardan, tədqiqatların nəticələrindən istifadə olunur. Yeni yataqların kəşfi və istismarına görə geoloq-alim Əliəşrəf Əlizadə SSRİ Dövlət mükafatı olan Stalin mükafatına layiq görülür.

 

Müharibənin ağır illəri genişmiqyaslı axtarış və kəşfiyyat işlərini dayandırsa da, işlər əsasən Suraxanı, Qaraçuxur, Bibiheybət, Çaxnaqlıar və Nefçala yataqlarında davam etdirilmişdi. Abşeron yarımadasının əsas laylarında stratiqrafik yataqların axtarışı aparılır və perspektivli hesab edilən neft-qaz rayonlarında yeni axtarış obyektləri müəyyən edilirdi. Gəncə rayonu ərazilərində aparılan kəşfiyyat işləri nəticəsində Naftalan sahəsində yüksək oktanlı neft yataqları aşkar edildi. Bu kəşfiyyata görə bir çox geoloq 1943-cü ildə SSRİ Dövlət Mükafatına (II dərəcəli) layiq görüldülər. Ancaq onlar mükafatlarını müdafiə fonduna bağışlayaraq vətənpərvərliklərini nümayiş etdirmişdilər.

 

1943-cü ildə Maştağa sahəsində axtarış kəşfiyyatı bərpa edilmiş, sahənin neft-qazlılığı sübut olunmuşdu. Sonrakı qazmalar nəticəsində Buzovna ilə Maştağa arasında neft yataqları müəyyən edilmişdi. Artıq müharibədən sonrakı dövrlərdə Buzovna-Maştağa yatağı Azərbaycanın neft hasilatının artımına əhəmiyyətli töhfə vermişdi. Bu yatağın aşkarlanmasına görə geoloq Baba Baba-zadə və həmkarı Cəfərov 1947-ci ildə SSRİ Dövlət Mükafatının I dərəcəsinə layiq görülmüşdülər.

 

 

 

 

 

1944

 

 

1944-cü ildən bütün neft hasilat trestlərində qazma kontorları yaradıldı. Bu kontorlar neft hasilatının artırılması və yeni neft yataqlarının axtarışı üçün etibarlı baza rolunu oynadı. Xüsusilə həmin ildə dəniz qazma trestinin yaradılması Xəzərdə axtarış-kəşfiyyat işləri üçün əlverişli şərait yaratdı. Hələ müharibənin davam etdiyi  dövrdə Bakı rayonunda geoloji-kəşfiyyat işləri sahəsində bir sıra mühüm elmi nailiyyətlər əldə edildi. Bunlardan biri 1944-cü ildə geoloq Ağaqurban Əliyevin rəhbərliyi altinda Azərbaycan neft ekspedisiyası tərəfindən dənizdə kəşfiyyatın seysmik üsulu və onun köməkliyi ilə müxtəlif dərinliklərdə neft yataqlarının aşkarlanması idi. 1944-cü ilə qədər SSRİ-də və dünyanın bir sıra digər ölkələrində dəniz buruqları üçün özüllər dənizin dibinə 30-40 metr gedən polad dirəklər üzərində quraşdırılırdı. Lakin bu üsul çox zəhmət tələb edən, bahalı və mövsümü xüsusiyyət daşıyan idi. 1944-cü ilin sentyabr ayının 24-də dəniz qazıma quyuları üçün özüllərin konstruksiyalarının ixtirası üzrə ümumittifaq müsabiqəsi elan olundu. 1945-ci ildə neftçi-mühəndislər Yusif Səfərov və başqaları dəniz özülləri üçün borulu yığılıb-sökülən konstruksiya üsulu təklif etdilər. Bu blok-konstruksiya istənilən hava şəraitində qazma üçün özülün tez quraşdırılmasını təmin edirdi. İri bloklar zavodlarda hazırlanırdı ki, bu da quraşdırma işlərini sürətləndirirdi.

 

Artıq 1944-cü ilin sonlarında Bakının neft-maşınqayırma zavodları neft sənayesinin ehtiyaclarını demək olar tamamilə ödəyrdi. İndiki Suraxanı, Binəqədi, Bibiheybət və Qaradağ rayonlarından dörd yeni qazma kontorunun təşkil edilməsi qərara alındı. İlk vaxtlar avadanlığı, demək olar, hissə-hissə əldə edirdilər, sonralar az miqdarda da olsa, ABŞ-dan avadanlıq gətirilirdi.

 

1944-cü ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində ikinci dəfə 502 neftçi SSRİ-nin orden və medalları ilə təltif edildi.

 

1944-cü ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda qazma müəssisələrinin işində dönüş yarandı, hasilat qazmasının həcmi və sürəti artdı. Qazmada əmək məhsuldarlığı xeyli yüksəldi. Əgər 1942-ci ildə bir qazma işçisinə 33 metr qazma işi düşürdüsə, 1944-cü ildə bu göstərici 45 metr idi.

 

Quyu fondu üzrə işlərin yaxşılaşdırılmasına bir sıra amillər kömək edirdi. 1944-cü ildə neft hasilatında fəhlələrin sayı 1943-cü illə müqayisədə 1400 nəfər artdı. Lazım olan kadrları müharibə veteranları, təqaüdçülər, habelə cəbhədən qayıdan əlillər sırasından seçirdilər. Qazmaçı köməkçiləri demək olar ki, qadınlar, qızlar və əsasən də yeniyetmələr əvəz edirdi. Minlərlə gənc ordu sıralarına çağırışdan geri qaytarılaraq neft sənayesinə göndərildi. Daha sonrakı illərdə bu yeniyetmələr sırasında Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasov (Neftçi Qurban), Musa Bayramov,  Qaraş Əmirov və başqaları kimi məşhur neftçilər yetişdi. Cəbhədə qazanılan uğurlar neftçiləri ruhlandırırdı.

 

1945

 

Müharibə başa çatdıqdan sonra Azərbaycan neftçilərinin qarşısında respublikanın aparıcı sənayesində müharibənin nəticələrini aradan qaldıraraq qısa müddətdə neft hasilatının artırılmasını təmin etmək vəzifəsi dururdu. Qazma təşkilatları 1945-ci ildə böyük əzmlə işlədilər, qazma qurğularının sayı 70-ə çatdırıldı, 150 yeni quyu istismara verildi.

Bununla belə müharibədən sonrakı illər də Azərbaycanın neft sənayesi üçün çətin oldu. Müharibə vaxtı mədənlərə böyük ziyan vurulmuşdu. Neft quyularının çoxunun məcburi surətdə konservləşdirilməsi sonralar işləri xeyli çətinləşdirmiş və onlardan bir çoxunu bərpa etmək mümkün olmamışdı. Bunun nəticəsi idi ki, müharibənin sonlarında neft hasilatı kəskin surətdə azalmış və 1945-ci ildə cəmi 11,5 milyon ton neft hasıl edilmışdi.

Müharibə illərində Azərbaycanda neft emalı və neft kimyası sahəsində 60-dan çox yeni müəssisə tikldi, 200-dən artıq məhsulun, o cümlədən 9 markada aviasiya benzininin, 8 növdə dizel yanacağının istehsalına başlanıldı. İkinci Dünya Müharibəsində qələbənin təmin olunmasına Bakı nefti və ondan alınan neft məhsulları ümumbəşər əhəmiyyətli tarixi missiyanı həyata keçirdi – Alman faşizminin məhvinə vəsilə oldu.

 

Təəssüf ki, müharibədən sonra SSRİ rəhbərliyi Bakının Qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi. Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır… ­SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı”.

Yalnız 1977-ci ildə SSRİ Bakının faşizm üzərində qazanılan qələbəyə verdiyi böyük töhfəni tanıdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 noyabr tarixli Fərmanında deyilirdi: “1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşist işğalçıları üzərində Qələbənin qazanılmasında böyük xidmətlərinə və təsərrüfat və mədəni quruculuqda zəhmətkeşlərin qazandıqları uğurlara görə Bakı şəhəri Lenin ordeni ilə təltif edilsin”.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və Böyük Vətən müharibəsi veteranlarına qarşı ögey münasibəti də birdəfəlik aradan qaldırdı. 1994-cü ildən başlayaraq 9 May Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq enerjisini daha da gücləndirdi. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.

 

Dahi liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları veteranlarımızın həyatının, sosial rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirir. Bu gün Azərbaycanın müharibə veteranları müstəqil dövlətimizin qayğısı ilə tam əhatə olunmuşlar. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları hər il böyük Qələbənin ildönümü ərəfəsində müharibə iştirakçılarının döyüş və əmək cəbhələrində göstərdikləri şücaətin qiymətləndirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayır. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

 

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 80 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək.