Son dövrlərdə paytaxt Bakıda yerləşən bir sıra dövlət qrumlarının bölgələrə köçürülməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Ötən gün deputat Aqil Abbas KİV-ə açıqlamasında bu mövzuda fikirlərini bildirib və qeyd edib ki, Bakıdakı bir çox dövlət qurumları, xüsusilə nazirliklər bölgələrə köçürülməlidir.
Bəs, hansı dövlər qurumlarının bölgələrə köçürülməsi daha məqsədəuyğun olar?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan deputat Arzuxan Əlizadə paytaxtdan regionlara bəzi dövlət qurumlarının, nazirliklərin, təhsil müəssisələrinin köçürülməsi məsələsinin gündəmdə olduğunu vurğulayıb:
“Məlumdur ki, Bakı şəhərində sıxlıq və digər problemlər səbəbilə mühüm tədbirlərin görülməsi nəzərdə tutulur. Zamanında biz də bu mövzuda təkliflərimizi təqdim etmişik və bu gün də həmin fikirdəyəm. Müəyyən komitələr, nazirliklər, mərkəzi icra orqanları və bir sıra ali və orta təhsil müəssisələri paytaxtdan kənara köçürülməlidir”, – deyə Arzuxan Əlizadə bildirib.
Deputat, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin köçürülməsi məsələsindən də söz açıb:
"İki il əvvəl Bakı şəhərinin mərkəzində böyük bir bina tikilib. Lakin mənim qənaətimcə, Kənd Təsərrüfatı Nazirliyi bölgələrdən birində, xüsusilə də kənd təsərrüfatı ilə sıx əlaqəli ərazilərdə yerləşməlidir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə, Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı üçün çox əlverişli şərait var.
Bundan əlavə, Xankəndində, Qarabağ Universitetində gənclərimiz təhsil alır. Hesab edirəm ki, işğaldan azad edilmiş digər ərazilərdə də ali təhsil ocaqları yaradılacaq”, – deyə deputat bildirib.
Aygün Hüseyn, Bizim.Media