EN

Ermənistanın primitiv taktikasına qarşı Azərbaycanın ağıl və güc mexanizmi masaya qoyulur - MÜSAHİBƏ

BAKI, 12 may. TELEQRAF

Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyini deyib. Sizcə, onun sülhlə bağlı bu qədər əmin danışmasına hansısa əsaslar varmı?

- Bu erməni tərəfinin vermiş olduğu növbəti populist bəyanatdır. Paşinyanın komandası deyir ki, “biz sabah Azərbaycanla sülh sazişi imzalaya bilərik”. Bu beynəlxalq və daxili rəyi ciddi formada manipuliyasiya etmək cəhdidir. Yəni, demək istəyirlər ki, “biz hazırıq, amma Azərbaycan sülh sazişini imzalamaq istəmir”. Amma bunun əsl səbəbini isə elə Paşinyan özü daha yaxşı bilir. Dünya ictimaiyyətinə də məlumdur ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməyənə və ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunmayana qədər sülh sazişi imzalanmayacaq.

- Bir çox hallarda sülh sazişi ilə Minsk Qrupunun ləğvinin eyni vaxtda baş verməsinin mümkünlüyü gündəmə gətirilir. Bu məntiqi cəhətdən realdırmı?

- Erməni tərəfinin iddiası belədir. Sülh müqaviləsi ilə Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə müraciət eyni gündə baş versin. Bu ermənilərin növbəti tələsi və hiylə işlətmək cəhdidir. Onlar öz ağılları ilə bizi aldatmağa çalışırlar. Hamı bilir ki, Minsk Qrupunun ləğvi konsensus tələb edir. Hətta Ermənistan Azərbaycanla Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etsə, ona Fransa kimi ölkələr veto qoyub, əngəlləyə bilər.

- Bu halda nə baş verə bilər?

- Belə olan halda Ermənistan məsuliyyəti üzərindən atmış olacaq. İddia edəcək ki, biz Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətə qoşulduq, amma bunun üçün konsensus yoxdur, biz nə edə bilərik? Ona görə də Azərbaycan tərəfi çox ağıllı siyasət yürüdərək, Minsk Qrupunun rəsmən ləğv edilməsini görmək istəyir, haqlı olaraq bəyan edir ki, bu baş verməyənə və Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsini imzalamaq mümkün deyil. Dəfələrlə bununla bağlı Azərbaycan tərəfindən ən yüksək səviyyədə açıq mövqe ifadə edilib. Qısacası, sülh müqaviləsinin mətni üzərində əldə olunan razılaşma fonunda manipuliyasiya etmək əvəzinə yaxşı olardı ki, Paşinyan vaxt itirmədən ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etsin və ölkə konstitusiyasında dəyişikləri həyata keçirsin. Məhz bundan sonra sülh müqaviləsinin imzalanması haqqında danışmaq olar. Başqa sözlə desək, Ermənistanın primitiv taktikasına qarşı Azərbaycanın ağıl və güc mexanizmi masaya qoyulur.

- “Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə yox, sülh olacaq” - Paşinyan belə deyib. Daxili və xarici qüvvələr dedikdə baş nazir kimləri nəzərdə tutur?

- Çox güman ki, Paşinyan daxili qüvvələr dedikdə bir çox hallarda Rusiyaya bağlı “Qarabağ klanı”nı nəzərdə tutur. Bunlar da keçmiş hərbi canilər olan Serj Sarkisyan və Robert Köçəryan cütlüyüdür. Hələ də bu şəxslərin Ermənistan ordusunda və digər strukturlarda təsirləri qalıb. Xarici təsirlərə gəldikdə isə Paşinyan kimləri nəzərdə tutduğunu bilmirəm, amma burada bir nömrəli kənar təhdid faktoru Avropa İttifaqı və Fransa xüsusilə maraqlı ola bilər. Şimal qonşumuz Rusiya da Azərbaycanla Ermənistan arasında gərginliyin davam etməsində həmişə olduğu kimi yenə də maraqlıdır.

- İddialar var ki, sülh prosesinin sürətləndirmək ortaya fəsadlar çıxara bilər. Ona görə proses ləngiyir. Sülh üçün əsas təhdidlər nədən ibarətdir?

- Azərbaycanın bütün məsələlərdə, o cümlədən, ordu, siyasət və beynəlxalq konyuktura baxımından mövqeyi çox güclüdür. Ölkəmiz bu gün “orta güc” statusuna yüksəlib. Cənubi Qafqaz və Xəzər dənizi regionunda Azərbaycanın əvəzedilməz mövqeyi var. Ölkəmiz bu gün beynəlxalq siyasətin formalaşmasında ciddi rol oynayır. Ona görə də sülhlə bağlı qorxusu və narahatlığı yoxdur. Sülh sazişi imzalanmasa belə, qalib Azərbaycan heç nə itirməyəcək. Bununla yanaşı, ölkəmiz hər bir təhdidə hazırdır. Bundan sonra olacaqlar isə Ermənistan üçün problemə çevriləcək. Revanşizm baş qaldırarsa, Azərbaycana qarşı hansı hərbi əməliyyatlara başlayarlarsa, bu Ermənistanın mövcudluğunu sual altına qoya bilər. Bu baxımdan getdikcə Ermənistan üçün vəziyyət daha da pisləşəcək Çünki qarşıdan Ermənistanda seçkilər gəlir və bir çox təhdidlər qaçılmazdır. Ona görə də rəsmi İrəvan ən azı Minsk Qrupunun ləğvi ilə bağlı gecikmədən müraciət etməlidir ki, buna qarşı reaksiyaların necə olduğu bilinsin. Konstitusiya dəyişikliyi ilə bağlı artıq Ermənistan hökuməti bəyanat verib. Bu istiqamətdə də işlər sürətlənməlidir. Ancaq bu proseslər yekunlaşdıqdan sonra fundamental sülh sazişi imzalamaq olar. Azərbaycana kağız parçası yox real sülh lazımdır. Regionda inkişafı, stabilliyi, birgə yaşayışı, əməkdaşlığı təmin edən mexanizm formalaşmalıdır.

- Bu mexanizm nədən ibarətdir?

- Azərbaycan tərəfi olaraq biz neçə ildir ki, Cənub Qafqaz ölkələri üçün belə bir mexanizm təklif edirik. Bu, Azərbaycan, Gürcüstan, Ermənistandan ibarət “Qafqaz evi” layihəsidir. Hələ ulu öndər Heydər Əliyevin dövründən, yəni, 1994-cü ildə üç Qafqaz ölkəsinin birlik mexanizmi təklifi irəli sürülüb. Əsas amil məhz bunun üzərində formalaşmalıdır. Paşinyan özünü sülhpərvər göstəməkdənsə, bu istiqamətdə addım atmalıdır.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbərlər olmasından danışır. Amma ondan bir gün əvvələ isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh müqaviləsinin imzalanmasında heç bir irəliləyiş müşahidə olunmadığını deyib. Bu paradoksu necə izah etmək olar? Bəzən bu komandanın daxilində sülh istəyən və istəməyən qüvvələrin savaşı kimi də izah olunur...

- Görünür Paşinyan komandası daxilində ya etibarlı kommunikasiya və koordinasiya problemi var, ya da bilərəkdən ayrı-ayrı məmurlar fərqli fikir səsləndirirlər. Bu daha çox razılaşdırılmış erməni taktikasına bənzəyir. Çünki xarici işlər nazirinin verdiyi bəyanat beynəlxalq aləm tərəfindən daha tez qarşılanır, həzm olunur deyə elə bir gedişin olması mümkündür. Bu cür pozitiv mesajlar verməklə erməni tərəfi özlərinin sülhpərvər imcini möhkəmləndirmək istəyirlər. Azərbaycan xarici işlər nazirliyi də bu bəyanata adekvat reaksiyasında ortada praktiki işin olmadığını bildirmişdi. Azərbaycanın iki mühüm tələbi olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi ilə bağlı praktiki nəticələr yoxdur.

- İrəvanın bu məsələdəki gözləmə mövqeyi nəyə hesablanıb?

- Əgər bu edilmirsə, demək ki, sülh deyil, başqa gizlin planları var. Minsk Qrupunu saxlamaqla onlar nə vaxtsa, “münaqişə” fonunu yenidən qabartmaq istəkləri şübhə doğurmur. Ona görə də Paşinyan komandasının sülhlə bağlı vermiş olduğu bütün bəyanatlar inandırıcı və səmimi deyil. İndiyə kimi sülh gündəliyi ilə bağlı nə əldə olunubsa, bu Paşinyanın və yaxud Mirzoyanın və Qriqoryanın sülh istəyindən qaynaqlanmayıb. Bunu Azərbaycanın gücü və birbaşa diktəsi ilə etmək mümkün olub. Görünür bundan sonra da bu belə olacaq.

Chosen
0
teleqraf.com

1Sources