EN

"Kəpəz"in portuqaliyalı qapıçısı: Özümü qəhrəman saymıram - MÜSAHİBƏ

TOVUZ, 11 may. TELEQRAF

“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının XXXIV turunda evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Tovuz şəhər stadionunda təşkil olunan matçdan sonra Gəncə təmsilisinin 26 yaşlı portuqaliyalı qapıçısı Rojerio Santos Teleqraf-a müsahibə verib.

- Oyunla bağlı fikirləriniz necədir?

- İlk hissəni çox yaxşı oynadıq və hesabı da açdıq. Fasilədən sonra irəlidə olmağımız öz effektini verdi. "Sumqayıt"a qarşı yaxşı müdafiə olunduq. "Kəpəz"in ən yaxşı oyunlarından birinin keçirdiyini deyə bilərik.

- Mayın 10-da keçirilmiş "Səbail" - "Zirə" oyununu izləmişdiniz?

- Xeyr, çünki bu gün öz matçımız var idi və buna fokuslanmalı idik. İşimizi kiminsə şansına buraxmamışdıq. Bilirdik ki, "Sumqayıt"la oyunda yaxşı nəticə əldə edəcəyik.

- "Səbail"in I Liqaya düşməsi rəsmiləşdiyi üçün meydana arxayın çıxmışdınız?

- Mənim üçün heç bir fərqi yoxdur. Sadəcə, bu günə fokunlanmışdıq. Aktivimizə əlavə bir qələbə yazdırdıq.

- "Kəpəz" Premyer Liqada qalmağı bu gün meydanda təmin etsəydi, daha çox sevincli olacaqdınız?

- Dünən də xoşbəxt idik, bu gün də. İlk 8 turda "Kəpəz" bütün oyunları uduzmuşdu, heç kim bizə inanmırdı. Hamı komandamızın aşağıya doğru getdiyini deyirdi. Amma biz "Kəpəz"in gücünü sübut etdik.

- Həm komandanızın, həm də fərqli ölkədə özünüzün çıxışınızı necə dəyərləndirərdiniz?

- Öz işimi görmüşəm. Komandaya xeyrim dəyibsə, nə gözəl... Turnir cədvəlinin top komandalarını məğlub etməyi bacardıq. Sona iki oyunumuz var. Komandamızı və özümüzü qələbə ilə sevindirə bilərik.

- Klubla yeni müqavilə ilə bağlı yenilik varmı?

- Hələlik heç nə. Təklif gəlsə, dəyərləndirəcəyəm.

- Matçın 86-cı dəqiqəsində rəqib komanda ilə olan dava ilə bağlı nə deyə bilərsiniz?

- Heç nə görmədim. Bu, futboldur və burada hər şey ola bilər. Dava da hər şeydən biridir.

- Əla top qurtarışları etdiniz. Sizi oyunun qəhrəmanı saymaq olarmı?

- Xeyr. Biz burada fərdlərdən danışa bilmərik. Oyunu komanda şəklində udur və uduzuruq. Bir uğur varsa, bu, komandaya məxsusdur. Şəxsi heç nə yoxdur.

Chosen
0
teleqraf.com

1Sources