Məlumdur ki, “TələbəPlus” layihəsiylə tələbələr bir sıra güzəştlərdən yararlana bilirlər. Bu güzəştlərin harada keçərli olub-olmaması isə “Kapital Bank”-ın saytında, həmçinin Təhsilin İnkişafı Fondunun sosial şəbəkə hesablarında qeyd olunub. Siyahıda sağlamlıq, gözəllik hissəsində “Olivia” mağazalar şəbəkəsinin adı olsa da, mağazadan alış-veriş edən müştərilərə “TələbəPlus” kartının keçərli olduğu, lakin karta görə bir endirimin olmadığı deyilib.
Maraqlıdır ki, əgər endirim yoxdursa, mağazanın adı niyə siyahıda var? Əməkdaşlıqla bağlı mağazayla razılaşma olmayıb?
Mövzuyla bağlı Təhsilin İnkişafı Fondundan Bizim.Media-ya bildirilib ki, "Olivia" mağazalar şəbəkəsi ilə bağlı "TələbəPlus" kartı üzrə qeyd olunan endirimlərlə əlaqədar texniki sazlama problemi aşkarlanıb.
“Hazırda bu məsələ üzrə düzəliş işləri davam etməkdədir. Problemin aradan qaldırılmasından dərhal sonra müvafiq məlumat "TələbəPlus"un rəsmi sosial şəbəkə hesablarında paylaşılacaq”, - deyə verilən məlumatda qeyd olunub.
Təhsilin İnkişafı Fondundan o da qeyd olunub ki, müvafiq tələbə uyğun olaraq sözügedən güzəştlə bağlı məlumat istifadəçilərdə sual yaranmaması üçün silinib.
“Texniki problem aradan qaldırıldığı zaman yenidən əlavə olunacaq”.
Nəzrin Mirzəyeva, Bizim.Media