EN

Alyaskadakı zirvənin altında yadplanetlilərin bazası gizlənə bilər - Mərkəzi Kəşfiyyat İdarəsi 

"Məncə, burada nəzarətdən kənar və təhlükəli qüvvələr fəaliyyət göstərir..."
 
ABŞ-ın ən hündür və əlçatmaz zirvələrindən biri olan Alyaskadakı Heys dağı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən məxfi sənədlərin açıqlanmasından sonra yenidən diqqət mərkəzinə çevrilib. Hesabatlarda bu dağın yadplanetlilər üçün gizli baza ola biləcəyi qeyd olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Lad Bible" nəşri məlumat yayıb.
 
Məlumata görə, "Məlumat Azadlığı Aktı" çərçivəsində əldə edilmiş sənədlərdə UNO tədqiqatçılar MKİ-nin "Şəxsi heyətlə bağlı yadplanetli bazalarının təsviri" adlı hesabatında Heys dağına istinad edildiyini aşkar edib. 
 
Həmin hesabatda Heys dağının İspaniyadakı Monte-Perdido və Baham adaları ilə Puerto-Riko yaxınlığındakı sualtı bölgələr kimi uzaq yerlərlə yanaşı "xarici fəaliyyətin əsas bazası" olduğu bildirilir.
 
1970-1980-ci illərdə Heys dağı artıq MKİ-nin diqqətində olub. Bu, "Ulduz Qapısı" ("Stargate") proqramı çərçivəsində aparılan uzaqdan müşahidə (remote viewing) təcrübələrinin bir hissəsi olub. Təcrübə iştirakçılarından biri guya "nəhəng dairəvi başlı və iti burunlu", "tamamilə insana bənzəməyən" bir varlıq gördüyünü iddia edib.
 
Onilliklər ərzində Heys dağı ətrafında qeyri-adi uçan obyektlər, naməlum davranışlı UNO-lar və müxtəlif anomaliyalar barədə məlumatlar daxil olub. Bütün bunlar bu bölgəni UNO tədqiqatçıları arasında ən məşhur yerlərdən birinə çevirib.
 
Mövzunun populyarlığını "Apple TV" tərəfindən yayımlanan "Heys dağının sirləri" adlı mini-serial və "Travel Channel" YouTube kanalının "Heys dağının altında UNO axtarışında" adlı sənədli filmi daha da artırıb. Treylerdə ufoloq Conni Enox belə deyir: "Məncə, burada nəzarətdən kənar və təhlükəli qüvvələr fəaliyyət göstərir".
 
Elmi ictimaiyyətin şübhəli yanaşmasına baxmayaraq, Heys dağı hələ də anomaliyaları araşdıranlar və qarla örtülmüş bu massivdə daş və buzdan daha artıq nəyinsə gizləndiyinə inananlar üçün cazibə mərkəzi olaraq qalır.
Chosen
0
moderator.az

1Sources