Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Oyun barədə çox danışa bilməyəcəyəm. Çox zəif oynadıq. “Qarabağ” bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, iki oyunu düşünməliyik.
– Ramon Maçadonu əvəzləməyiniz nə ilə bağlı idi?
– Maçado da bu gün ən zəif oyununu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi.
– “Şamaxı” ilə oyunda üçüncü yeri rəsmiləşdirə biləcəksiniz?
– Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq.
– Qələbəyə sizin daha çox ehtiyacınız var idi. Amma rəqib sizdən çox istəkli görünürdü. Səbəb nə idi?
– Belə olur. Səbəbi axtarsaq, dərinə gedəcəyik. Hər şey təsir edə bilər. Bir az rahatlıq var idi. Onu da gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək.
– “Araz-Naxçıvan” növbəti mövsüm ev oyunlarını Naxçıvanda keçirə biləcək?
– Bilmirəm.