EN

Firuz Abdulla: "Səbail" Elvin Məmmədovla davam edəcək - MÜSAHİBƏ

BAKI, 11 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXIV turunda “Zirə”yə 0:1 hesabı ilə uduzan “Səbail”in I Liqaya düşəcəyi dəqiqləşib. “Dənizçilər”in icraçı direktoru Firuz Abdulla Teleqraf-a müsahibəsində bundan sonrakı məqsədləri və görəcəkləri işlər barəsində danışıb:

- Komandanın çempionatın sonuna iki tur qalmış elita ilə vidalaşacağı rəsmiləşdi. Klub rəhbərliyi olaraq, qarşınıza hansı planlar qoymusunuz?

- ⁠Yaxın planlarımız ondan ibarətdir ki,"Neftçi" və "Sumqayıt"a qarşı çempionatın son 2 oyununu da keçirək. Növbəti mövsüm isə I Liqada mübarizə aparmağı planlaşdırırıq.

- ⁠Baş məşçi ilə bağlı dəyişiklik olacaq?

- ⁠Xeyr, baş məşqçi ilə bağlı dəyişiklik gözlənilmir. Elvin Məmmədovla yola davam edəcəyik.

- ⁠Futbolçularla danışıqlara başlanılıbmı?

- ⁠Qarşıdakı günlərdə bu məsələyə başlayacağıq. Çünki komandanın elitanı tərk edəcəyi hələ dünən rəsmiləşdi.

- ⁠Heyətdəki legioner futbolçuların planı nə yöndədir, qalıb I Liqada komandaya kömək etmək istəyənlər varmı?

- ⁠Böyük əksəriyyətinin müqavilə müddəti yayda başa çatır. Müqaviləsi bitən oyunçularla bağlı hər hansı gedişat yoxdur. Çünki I Liqanın öz reallıqları var. Amma o futbolçuların ki müqaviləsi növbəti mövsüm üçün də nəzərdə tutulub, onlarla danışıqlar aparacağıq.

- ⁠Növbəti mövsüm heyətdə legionerlər yer alacaqmı, yoxsa yerli oyunçulara üstünlük veriləcək?

- ⁠Hələ I Liqada növbəti mövsüm üçün legioner limiti bəlli deyil. Bununla bağlı AFFA-dan da müvafiq qərar açıqlanmayıb. Limit elan olunsun, biz də ona uyğun planlarlmızı quracağıq.

- Növbəti mövsüm ⁠”ASCO Arena”dan istifadə üçün “İmişli” AFFA ilə müqavilə imzalayıb, ola bilsin, ev oyunlarını orada keçirəcək. Bu halda, “Səbail” I Liqada ev oyunlarını harada keçirəcək?

- ⁠Klub yaranan gündən “ASCO Arena”dan istifadə etmişik. Növbəti mövsüm Premyer Liqada iştirak üçün lisenziya da almışıq. Lisenziyalaşdırma prosesində də həmişə olduğu kimi, ev oyunlarımızı keçirdiyimiz “ASCO Arena”nı qeyd etmişik. Digər klub və ya klubların stadiondan istifadəsi ilə bağlı məlumatımız yoxdur. O, AFFA-nın səlahiyyətində olan məsələdir, çünki stadion milli assosiasiyaya məxsusdur. Amma biz stadion olaraq “ASCO Arena”nı sifariş vermişik. Bunun əsasında da lisenziya almışıq. Ehtiyac olarsa, yenə də AFFA ilə bu istiqamətdə danışıqlar aparacağıq.

- ⁠Göründüyü qədərilə stadionda təmir işləri gedir. Bu, “Səbail” klubu tərəfindən aparılır?
- ⁠Bəli, stadiondan istifadə etdiyimiz, eyni zamanda, mənim “Səbail”də icraçı direktor olaraq fəaliyyət göstərdiyim müddətdə, yəni son iki futbol mövsümündə əsaslı təmir işləri aparılır. Bunun kənardan görünən və görünməyən tərəfləri var. Çünki elə yerdə təmir aparılır ki, onu azarkeşlər və ya stadiona gəlib gedənlər hiss etməyə bilərlər. Amma çox ciddi işlər görmüşük. İndi tribunaların dam örtüyünün yenilənməsi ilə bağlı proses də klub tərəfindən həyata keçirilir. Bundan əvvəl paltardəyişmə otaqlarının hamısını klub təmir etdirib, orada yeni mebellərlə təchizat təmin olunub. Stadionun istilik sistemi, qazanxana, havalandırma və kondisonerlə bağlı problemlər, birinci mərtəbə, paltardəyişmə otaqlarının dəhlizləri, üçüncü mərtəbədəki futbolçuların qaldığı otaqların təmiri kimi bütün işləri klub qısa müddət ərzində həyata keçirib.

Chosen
0
teleqraf.com

1Sources