EN

Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfər köçürüləcək

Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfər köçürüləcək.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi bildirib.

Qeyd edilib ki, Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub.

Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Chosen
0
7
news365.az

10Sources